Xəbər verdiyimiz kimi, Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə keçirilən Türk Dünyası Həftəsi çərçivəsində iyunun 30-da AMEA Rəyasət Heyətinin binasında “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq elmi konfrans təşkil edilib.

Konfrans çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının bir qrup alim və mütəxəssisinə Mədəniyyət Nazirliyinin təsis etdiyi “Birinci Türkoloji Qurultayın 100 illiyi (1926–2026)” xatirə nişanı təqdim olunub.

Təltif olunanlar sırasında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin müdiri fil.e.d., dosent Aygül Hacıyeva və Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri fil.ü.f.d., dosent Lamiyə Rəhimova yer alıb.

Bu barədə Əlyazmalar İnstitutundan məlumat verilib.

Xatirə nişanını Əlyazmalar İnstitutunun alimlərinə təqdim edən AMEA prezidenti akademik İsa Həbibbəyli onlara elmi və yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, beynəlxalq elmi konfrans Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə gerçəkləşib.