İyulun 1-də AMEA-nın Rəyasət Heyətində “Birinci Türkoloji Qurultay: Yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqres çərçivəsində “Türkoloji sənətşünaslıq” mövzusunda diskussiya paneli keçirilib.
Bu barədə AMEA-dan məlumat verilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan “Türk Dünyası Həftəsi”nin açılış mərasiminin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Akademik qeyd edib ki, nüfuzlu türk elmi mərkəzlərindən gələn rəhbər nümayəndələrin iştirakı ilə reallaşan bu tədbirdə 6 qardaş ölkədən rəhbər şəxslər təmsil olunub, eləcə də rəngarəng birgə bədii-musiqi proqramı geniş tamaşaçı auditoriyasına təqdim edilib. Eyni zamanda, açılış mərasimindən sonra seksiyalar üzrə davam edən iclaslarda rəsmi nümayəndələrin, tanınmış türkoloq alimlərin məruzələrində olduqca maraqlı mövzulara toxunulub, türkologiyanın inkişaf perspektivləri və bu istiqamətdə təşəbbüslər irəli sürülüb.
Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtəgin Salamzadə rəhbərlik etdiyi elmi müəssisədə aparılan türkoloji tədqiqatlardan danışıb. Beynəlxalq Türk Akademiyasının təşəbbüsü ilə 2014-cü ildə Astanada nəşr olunan “Türk Sənəti Antologiyası” layihəsində Azərbaycanın geniş şəkildə təmsil olunduğunu deyən Ərtəgin Salamzadə institutun əməkdaşlarının bu işdə fəal iştirak etdiyini bildirib. Türk Dövlətləri Başçılarının 11-ci Zirvə Görüşündə (Bişkek) qəbul edilmiş qərarlara əsasən hazırda tərtib olunan çoxcildlik “Türk xalqlarının mədəniyyət tarixi” kitabının ikinci cildi üçün də institut mütəxəssisləri tərəfindən Azərbaycanın şəhərsalma, memarlıq, təsviri incəsənət, musiqi və kino tarixinə aid xüsusi bölmələrin işlənildiyini diqqətə çatdırılıb.
Azərbaycan irsinin Türk dünyasında təbliği istiqamətində beynəlxalq əlaqələrin mühüm rol oynadığını vurğulayan institut rəhbəri, türkoloji tədqiqatların genişləndirilməsi çərçivəsində Özbəkistanın Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutu, həmçinin Qazaxıstanın köçəri mədəniyyətini araşdıran qurumları ilə birgə elmi layihələrin uğurla icra olunduğunu bildirib.
Sonda institutun Türkiyənin Aydın Adnan Menderes Universiteti ilə uzunmüddətli tərəfdaşlığına toxunan institutun direktoru, bu əlaqələrin beynəlxalq simpoziumlarda mütəmadi təmsilçiliklə xarakterizə olunduğunu bildirib.
Daha sonra diskussiya panelində “Musiqi türkologiyasının əsasları”, “Azərbaycan incəsənətində Atatürk obrazı”, “Türk təsviri sənətində Dədə Qorqud obrazı”, “Türk miniatürlərində kompozisiya həllinin bədii prinsipləri”, “Türklərin dekorativ-tətbiqi sənəti”, “Azərbaycan və Anadolu xalçaları və tekstilində oxşar motivlər”, “Koroğlu – Türk xalqlarının nəğməkar bahadırı kimi”, “Azərbaycan-Özbəkistan teatr əlaqələri”, “Cümhuriyyət dövrü İstanbul memarlığı” və “Azərbaycan və Tatarıstan mədəni əlaqələri” mövzularında məruzələr dinlənilib.






















