AMEA-nın Abbasqulu ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Səfəvi tarixinə dair Florensiya Dövlət Arxivinin sənədləri” kitabının təqdimatı olub.

Təqdimatda bildirilib ki, topluda Azərbaycan Səfəvilər dövlətinin tarixinə dair Florensiya Dövlət Arxivində saxlanılan 203 arxiv sənədi haqqında məlumat yer alıb. Bir sıra arxiv sənədlərində tariximiz üçün əhəmiyyət daşıyan hissələr transkripsiya və italyancadan tərcümə olunaraq nəşrə daxil edilib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə "Elm və Təhsildə İnkişaf” İctimai Birliyi tərəfindən nəşr edilmiş sənədlər toplusunun tərtibçisi, transkripsiya, italyancadan tərcümə, giriş və qeydlərin müəllifi tarix üzrə fəlsəfə doktoru, dosent Əhməd Quliyevdir. Kitabın elmi redaktoru tarix elmləri doktoru, dosent Tofiq Nəcəfli, rəyçiləri dosentlər Fərəh Hüseyn və Nərgiz Axundovadır.