Mayın 30-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı – Niyazinin mənzil-muzeyində “Lya Minorka” dərnəyi ilə birgə tədbir keçirilib.

Mənzil-muzeydən verilən məlumata görə, tədbir 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilib.

Muzeyin müdiri Əməkdar mədəniyyət işçisi Rza Bayramov uşaqları əlamətdar gün münasibətilə təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzulayıb.

Muzeyin şöbə müdiri Əzirə Abdullayeva Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixi və əhəmiyyətindən bəhs edib, uşaqların hüquqlarının qorunmasının cəmiyyətin əsas vəzifələrindən biri olduğunu vurğulayıb.

Sonra “Lya Minorka” dərnəyinin istedadlı şagirdləri konsert proqramı ilə çıxış ediblər.

Dərnəyin rəhbəri Nailə İsmayılova şagirdlərə hədiyyə və sertifikatlar təqdim edib.

Dərnək üzvləri üçün muzeydə ekskursiya keçirilib.