Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Türk dünyasının görkəmli alimi, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi, akademik Tofiq Hacıyevin (1936-2015) 90 illik yubileyi münasibətilə “Dilimizin vicdan qoruyucusu” adlı biblioqrafik icmal hazırlanıb.
Kitabxanadan bildirilib ki, vəsaitdə rəsmi sənədlər, Tofiq Hacıyevin həyat və yaradıcılığı haqqında məlumat, mühüm həyat tarixlərini əks etdirən “Xronologiya” bölməsi yer alır.
Biblioqrafik icmalda filologiya üzrə elmlər doktoru Sərdar Zeynalın “Akademik Tofiq Hacıyevin ədəbi irsi tükənməz bir xəzinədir”, Bakı Dövlət Universiteti Türkologiya kafedrasının dosenti Afaq Məmmədovanın “Akademik Tofiq Hacıyev və Türk dünyası” adlı məqalələrinin tam mətni ilə yanaşı akademik Tofiq Hacıyevin müəllifi olduğu, redaktə və tərcümə etdiyi kitabların biblioqrafik təsviri, qısa annotasiyası və keçid linki də təqdim olunur. İcmalda Tofiq Hacıyev haqqında dövri mətbuatda son illərdə dərc edilən məqalələrin siyahısı da verilib.
Kitabxanada görkəmli alim, akademik Tofiq Hacıyevin 90 illiyi ilə əlaqədar elektron məlumat bazası da hazırlanır və yaxın günlərdə istifadəçilərə təqdim ediləcək.
“Dilimizin vicdan qoruyucusu” adlı biblioqrafik icmal kitabxananın saytında (https://www.ryl.az/funds/biblioqrafik-icmal) yerləşdirilib.



















