Aprelin 30-da Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, görkəmli televiziya və kino rejissoru Ramiz Həsənoğlunun 80 illik yubileyi keçirilib.

Dövlət Film Fondundan bildirilib ki, tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərginin açılışı olub.

Mədəniyyət Nazirliyi adından yubilyarı təbrik edən nazir müavini Səadət Yusifova Azərbaycan televiziyasının və kinosunun inkişafında Ramiz Həsənoğlunun xidmətlərindən söz açıb, onun dövlət tərəfindən bir çox mükafatlarla təltif olunduğunu vurğulayıb.

Tədbirin aparıcısı Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Ramiz Həsənoğlunun yaradıcılığından danışaraq, onun bədii və sənədli filmlərini, televiziya tamaşalarını təhlil edib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi Xalq artisti Şəfiqə Məmmədova, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) sədri Xalq artisti Hacı İsmayılov, Xalq artistləri Xalidə Quliyeva, Məbud Məhərrəmov, Əməkdar incəsənət xadimi Aydın Talıbzadə, digər çıxış edənlər yubilyara təbriklərini çatdırıb, ona yaradıcılıq uğurları arzulayıblar.

Xalq artisti Hacı İsmayılov yubilyara ATXİ-nin “Sənətkar” medalını, rejissor Vahid Mustafayev isə hədiyyə təqdim ediblər. Sənətkarın 80 illiyinə həsr olunmuş “Qobustan” jurnalı tədbir iştirakçılarına paylanılıb.

Tədbirdə “Baku TV”nin yubilyara həsr etdiyi, rejissor İman Məcidovun çəkdiyi “Sənin boyun ucadır” filmi və rejissor Elnaz Əblucun hazırladığı videoçarx nümayiş olunub.