Aprelin 20-də Azərbaycan Dillər Universitetində (ADU) "Beynəlxalq Çin Dili Günü" qeyd olunub.

ADU-da fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycan Respublikası və Çin Xalq Respublikasının Dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

Tədbirdə ADU-nun rektoru akademik Kamal Abdulla bildirib ki, beş min il əvvəl yaranmış Çin heroqlifləri dünya mədəniyyətinin inkişafında çox mühüm rol oynayıb. Böyük İpək Yolu təkcə ticarət deyil, həmçinin böyük mənəviyyat yolu idi.

Çinin Azərbaycandakı səfiri xanım Lu Mey "Beynəlxalq Çin Dili Günü"nün yaranma tarixindən danışıb. Qeyd olunub ki, hər il aprelin 20-də qeyd olunan Beynəlxalq Çin Dili Günü 2010-cu ildə BMT-nin İctimai İnformasiya Departamenti tərəfindən BMT-nin altı rəsmi dilinin bərabər istifadəsini təşviq etmək məqsədilə təsis olunub. 

Çin dilinin dünyada ən çox danışılan dil olduğunu və Azərbaycanda səkkiz mindən çox insanın bu dili öyrənmək üçün qeydiyyatdan keçdiyini vurğulayan səfir diqqətə çatdırıb ki, Çinin bir sıra universitetlərində azərbaycanşünaslıq tədris edilir. O, 2025-ci ildə 60 mindən çox Çin vətəndaşının Azərbaycana səfər etdiyini deyib.

“Gələcəyə baxsaq, Çin-Azərbaycan münasibətlərinin geniş perspektivləri var və Çin dilini öyrənmək üçün böyük potensial var. Çinin Azərbaycandakı səfirliyi hər zaman olduğu kimi, hər kəsə Çin dilini öyrənmək və Çin mədəniyyətini anlamaq üçün imkanlar və şərait yaradacaq”, - deyə diplomat əlavə edib.

Sonra ADU-nun Konfutsi İnstitutunun müəllim və tələbələrinin iştirakı ilə konsert proqramı təqdim olunub.

Qonaqlar Çin mədəniyyətinə həsr olunmuş sərgi ilə tanış olub və ustad dərslərində iştirak ediblər.