Milli Azərbaycan Tarixi Muzeyinin Elmi şurasının növbəti iclasında yeni ekspozisiya konsepsiyası üzrə müzakirələr aparılıb.
Muzeyin direktoru akademik Nailə Vəlixanlının iştirakı ilə keçirilən iclasa AMEA Arxeologiya və Antropologiya İnstitutunun Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimli, Orta və Son Tunc dövrü arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynov və Etnoarxeologiya şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə, həmçinin muzeyin müvafiq elmi şöbələrinin və fondlarının rəhbərləri qatılıb.
Muzeydən bildirilib ki, toplantının əsas məqsədi hazırlıq işləri aparılan Tunc dövrünə aid tematik ekspozisiya planının müzakirəsi, bu sahədə ixtisaslaşmış alimlərin rəy və tövsiyələrinin alınması olub.
Müzakirələr zamanı Tunc dövrü ekspozisiyasının konseptual yanaşması, xronoloji bölgüsü, materialların seçimi, interpretasiya prinsipləri və müasir ekspozisiya tələblərinə uyğun təqdimat məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Səsləndirilən təklif və tövsiyələrin ekspozisiyanın elmi əsaslarının gücləndirilməsi, arxeoloji materialların təqdimatında yeni yanaşmaların tətbiqi və ziyarətçilər üçün daha anlaşılan, eyni zamanda konseptual baxımdan mühüm əhəmiyyət daşıdığı bildirilib.
Müzakirə konstruktiv elmi dialoq şəraitində keçib və qarşılıqlı fikir mübadiləsi nəticəsində ekspozisiya planının təkmilləşdirilməsi istiqamətində mühüm nəticələr əldə olunub.





















