13-14 aprel tarixlərində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, AMEA Arxeologiya və Antropologiya İnstitutu, Ağstafa Rayon İcra Hakimiyyəti, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu və “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə “Gəncə-Qazax bölgəsinin arxeoloji və antropoloji tədqiqinin aktual problemləri” adlı beynəlxalq elmi konfrans keçirilib.

Konfrans Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, paleolitşünas, tarix üzrə fəlsəfə doktoru, dosent  Mansur Mansurovun 90 illik yubileyinə və 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunub.

Bu barədə “Keşikçidağ” qoruğundan məlumat verilib.

Ağstafa rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirə tədqiqatçı-alimlər, “Keşikçidağ”, “Avey”, “Qədim Şəmkir Şəhəri”, Gəncə və “Orta əsr Ağsu şəhəri” dövlət tarix-mədəniyyət qoruqlarının rəhbər və məsul şəxsləri, abidə mühafizəçiləri, Bakı Dövlət Universiteti və ADA Universitetinin Qazax Mərkəzinin magistrantları qatılıb.

Qonaqlar əvvəlcə “Keşikçidağ” qoruğu ərazisində aparılmış elmi tədqiqat və arxeoloji qazıntı işləri nəticəsində əldə olunmuş maddi-mədəniyyət nümunələri və qoruğa məxsus çap məhsullarından ibarət sərgi ilə tanış olublar.

Konfransın açılışında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Muzey və qoruqlar şöbəsinin sektor müdiri  Mahir Qəhrəmanov, tədbirə onlayn qoşulan Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev mövzunun aktuallığı, Paleolit dövrü tədqiqatları barədə fikirlərini bölüşüblər.

Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Hidayət Cəfərov və “Keşikçidağ” qoruğunun direktoru Musa Mursaquliyev paleolitşünas Mansur Mansurovun Azərbaycan arxeologiyasında apardığı tədqiqatlardan və elmi irsindən bəhs ediblər.

Tarix üzrə fəlsəfə doktoru Mansur Mansurovun onun yubileyinə həsr edilən konfransın təşkilatçı və iştirakçılarına təşəkkürünü bildirib.

Konfrans çərçivəsində Mansur Mansurovun həyat və elmi yaradıcılığından bəhs edən videoçarx  nümayiş etdirilib.

Daha sonra Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli, institutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Zaur  Həsənov, Würzburg Julius Maximilians Universitetinin (Almaniya) Qədim Yaxın Şərq tədqiqatları kafedrasının müdiri professor Martin Gruber, Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri Bəxtiyar Cəlilov, aparıcı elmi işçilər Yaqub Məmmədov, Azad Zeynalov, Şamil Nəcəfov, Pərviz Qasımov, Vəfa Mahmudov, Gəncə Dövlət Universitetinin dosentləri Cavid Bağırzadə, Səba Namozova, Elnur İmanov, müstəqil tədqiqatçı Faiq Nəsibov öz məruzələrini təqdim ediblər.

Beynəlxalq elmi konfransın ikinci hissəsi üz-üzə və onlayn sessiyalar şəklində davam edib. Onlayn sessiyalarda yerli tədqiqatçılarla yanaşı Qazaxıstanın “Xan Ordalı Sarayşık” Dövlət Tarix-Mədəniyyət Qoruğu və “Ejeli Taraz” Tarix-Mədəniyyət Muzey Qoruğunun əməkdaşları da çıxış ediblər. 

Beynəlxalq elmi konfransa ümumilikdə 70-dən çox məqalə və tezis qəbul olunub, bütün iştirakçılara sertifikatlar verilib.

Tədbirin ikinci günündə qonaqların Ağstafa rayonu ərazisindəki Son Tunc-Erkən Dəmir dövrünə aid edilən Ağalıqtəpə yaşayış məskəninə elmi turu təşkil edilib. Onlar Azərbaycan və Almaniya alimlərindən ibarət ekspedisiyanın apardığı qazıntı işləri ilə tanış olublar.