Azərbaycanın turizm potensialı Almaniyanın paytaxtında 3-5 mart tarixlərində keçirilən “ITB Berlin 2026” sərgisində tanıdılır.

Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Sərgidəki milli stenddə Azərbaycan Turizm Bürosunun təşkilatçılığı və Azərbaycan Hava Yolları (AZAL), hotellər, turizm agentlikləri daxil olmaqla 13 sənaye tərəfdaşının iştirakı ilə ölkə turizminin təbliği və təşviqi məqsədilə B2B görüşlər keçirilir və əməkdaşlıq imkanları müzakirə edilir.

“Gizli xəzinələr: təcrübələrin kəşfi” mövzulu təqdimat Azərbaycanın dağ piyada marşrutlarından bəhs edir və tarixi İpək Yolu irsini əks etdirir.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev milli stendi ziyarət edib.

Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Turizm Bürosu tərəfindən Alman Səyahət Assosiasiyasının üzvləri üçün ölkəmizin turizm potensialı barədə təqdimat keçirilib. Görüşdə Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova və səfir Nəsimi Ağayev çıxış ediblər.

Qeyd edək ki, 2025-ci il ərzində 11% artımla Almaniyadan Azərbaycana 24 mindən çox xarici ziyarətçi səfər edib.