İçərişəhər ərazisində fəaliyyət göstərən “Bakı” Rəsm Qalereyası öz fəaliyyətini Azərbaycan və dünya mədəniyyətinin, təsviri sənətinin təbliği istiqamətində qurub. Hər zaman fırça ustalarına yeni yaradıcılıq imkanları yaradan qalereya növbəti sərginin açılışına hazırlaşır.
Noyabrın 28-də qalereyada türkiyəli rəssam Zəkiyə İnanın “Payız yarpaqları” adlı fərdi yaradıcılıq sərgisi açılacaq.
“Bakı” Rəsm Qalereyasının rəhbəri, tanınmış rəssam Eldəniz Babayevin bildirdiyinə görə, dekabrın 1-dək davam edəcək sərgidə Zəkiyə İnanın 80-dək yağlı boya, sulu boya ilə işlənmiş əsərləri, xəttatlıq nümunələri nümayiş olunacaq. Qardaş ölkənin rəssamı kimi Azərbaycanı doğma diyar, Bakını isə doğma şəhər bilən Zəkiyə xanım yenidən sənətsevərləri öz füsunkar sənəti ilə heyrətləndirəcək.
Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Rəssamlar İttifaqının təşkilati dəstəyi ilə keçiriləcək.
Zəkiyə İnan 1962-ci ildə Türkiyənin İsparta şəhərində anadan olub. Antalya Akdeniz Universitetinin inşaat mühəndisləri fakültəsini bitirib. Gənclik dövründə təsviri sənətə olan həvəsi sayəsində 1999-2004-cü illərdə İstanbulun “Ulduz” sarayında hüsnxət, “Taksim Pera” sənət məktəbində isə rəssamlıq sənətinin sirlərini öyrənib. 2000-ci ildə rəssamın əsərləri İstanbulda “Cemal Reşid Rey” sərgi salonunda nümayiş etdirilib.
2004-cü ildən Zəkiyə xanım Bakıya gələrək Azərbaycanın Xalq rəssamı Arif Əzizovdan sənət dərsləri alıb. 2009-cu ildə onun “Bakı” Rəsm Qalereyasında ilk sərgisi açılıb.





















