Əsrlərin mirasını gələcək nəsillərə çatdırmaq vəzifədən ziyadə vətəndaşlıq borcudur

Qoruq əraziləri Azərbaycanın nadir flora və faunası üçün sığınacaq olmaqla yanaşı, həm də qədim sivilizasiyaların izlərini saxlayan əvəzsiz mədəni irs nümunələrinin məkanıdır. Daş dövrünə aid qayaüstü rəsmlərdən Orta əsr qalalarına və məbəd qalıqlarına qədər bu abidələr tariximizin yaddaşıdır. Tariximizi yaşatmağın hədəflərindən biri də təbiət-tarix balansını qorumaqla, bu dəyərli abidələrin gələcək nəsillərə çatdırılmasını təmin etməkdir.

Ölkənin digər qoruqlarında olduğu kimi, “Çıraqqala-Şabran Dövlət Tarix-Mədəniyyət Qoruğunun da fəaliyyət istiqamətləri məhz bu cür yanaşmanı tələb edir.

Qoruq ərazisində yerləşən hər bir tarixi-mədəni abidənin (kurqanlar, yaşayış yerləri, məbədlər) yeri dəqiqləşdirilir, siyahiya alınır və rəsmi olaraq pasportlaşdırılır. Bu sənədlər abidənin vəziyyəti, tarixi, dövrü və dəyəri haqqında əsas məlumat mənbəyidir.

Abidələrin yerləri rəqəmsal xəritələrə işlənir ki, bu da onların effektiv monitorinqini və mühafizə zonasının müəyyən edilməsini asanlaşdırır.

Abidələrin ətrafında mühafizə zonalarının yaradılması; bu zonalar daxilində hər hansı bir tikinti, təsərrüfat və ya ağacəkmə işi ciddi şəkildə qadağan edilir və ya məhdudlaşdırılır.

Abidələrin (arxeoloji) zədələnməməsinə nəzarət etmək, qanunsuz tikililərin qarşısını almaq da bu sahədə fəaliyyətin mühüm istiqamətidir.

Qəza vəziyyətində olan abidələrdə dağılmanın qarşısını almaq üçün konservasiya və möhkəmləndirmə işi aparılır. Arxeoloqlar, memarlar, bərpaçılar və geoloqlar cəlb edilməklə, abidələrin orijinal görünüşünü və konstruksiyasını qoruyan elmi əsaslandırılmış bərpa layihələri həyata keçirilir.

Sadaladığımız bu faktlar qoruğun fəaliyyətinin əsas hissəsidir. Digər fəaliyyətimiz isə keçmişlə gələcək arasında körpü yaratmaqdır. Bununla biz gələcəyimiz olan nəsillərə tariximizi, keçmişimizi, ulu yaddaşımızı xatırladaraq, abidələrimizin nə qədər əhəmiyyətli olduğunu aşılayırıq.

Bu məqsədlə əməkdaşlarımızla birlikdə tez-tez həm ali, həm də orta təhsil müəssisələrinə gedərək tələbə və şagirdlərlə görüşlər keçiririk. Görüş əsnasında “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisinə daxil olan yeddi abidənin tarixini özündə əks etdirən videoçarx nümayiş etdirilir, onların hər biri haqqında ətraflı məlumat verilir. Uşaq və gəncləri maraqlandıran sualları cavablandırılır, onlara abidələrimiz haqqında kitabça və broşürlər təqdim edilir.

Artıq on beş ildən çoxdur ki, ənənəvi olaraq həm müəllim, həm də şagird kollektivləri  arasında keçirdiyimiz inşa yazı və rəsm müsabiqələri də böyük marağa səbəb olur. Həvəslə müsabiqəmizə qatılan müəllim və şagirdlərin abidələrimiz haqqındakı dolğun bilik və təsəvvürləri bizi çox qürurlandırır. Əlbəttə ki, bu, eyni zamanda, bizim fəaliyyətimiz üçün motivasiyanı artıran əsas səbəblərdən olur. İnşa yazılar və rəsmlər əməkdaşlarımızdan ibarət münsif heyəti tərəfindən qiymətləndirilir, fərqlənənlər fəxri fərman və hədiyyələrlə mükafatlandırılır.

Builki rəsm müsabiqəsini bir az fərqli və maraqlı olsun deyə, məktəbliləri “Qədim Şabran” Orta əsrlər abidəsinə dəvət edərək, onların abidə ilə yaxından tanış olmağıni istədik. Abidəni görmək və onu öz rəsmlərində olduğu kimi əks etdirmək sanki onların çoxdankı arzusu idi. Payız ətirli bir günündə uşaqların böyük həvəslə təsvir etdikləri rəsmlər hamı tərəfindən çox bəyənildi. Sonda uşaqların rəsmləri münsif heyəti tərəfindən qiymətləndirilərək mükafatlandırıldı. Bu müsabiqə həm bizlər, həm də məktəblilər üçün olduqca maraqlı və yaddaqalan oldu.

Artıq üçüncü ildir ki, qoruq  rəhbərliyinin təşəbbüsü ilə Şabran rayonunun müəllim və şagirdləri arasında “Bilik yarışı“ da keçirilir. Növbəti müsabiqənin keçirilməsində qoruğumuzun əməkdaşlarından savayı rayonda fəaliyyət göstərən idarə və təşkilatlardan (icra, bələdiyyə, təhsil, mədəniyyət) nümayəndələr iştirak edirdi. Rayonun beş məktəbinin iştirak etdiyi yarışma 3 mərhələdən ibarət idi. Komandalara verilən suallar həm dünyagörüşü, həm ümumi fənlər, həm də tarixi keçmişimizi özündə yaşadan abidələrimizi əhatə edirdi. Maraqlı və rəngarəng keçən yarışmada 3 məktəbin komandası qalib oldu, qoruq rəhbərliyi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif edildi.

Bundan savayı, ölkə daxilində və xaricdə fəaliyyət göstərən bir sıra qoruq nümayəndələri ilə əməkdaşlıq edərək görüşlər keçiririk. Onlayn platforma (Zoom) vasitəsilə qurduğumuz bu əməkdaşlıq bizim bir-birimizi yaxından tanımağımıza,  ölkəmizdəki və xaricdəki abidələr haqqında daha məlumatlı olmağımıza yaxından kömək edir. Əksər respublika səviyyəli tədbirlərimizi məhz bu platforma üzərindən həyata keçiririk. Bu cür ünsiyyət və görüşlər bizə fikirlərimizi bölüşmək üçün böyük imkan yaradır.

Sonda onu qeyd etmək istərdim ki,”Çıraqqala-Şabran“ Dövlət Tarix-Mədəniyyət Qoruğunda işlədiyim bu illər ərzində qoruğumuzun fəaliyyətini genişləndirmək və abidələrimizin tarixini yaşadaraq gənc nəslə çatdırmaq mənim və həmkarlarım üçün  vəzifədən savayı həm də xoş bir məşğuliyyətə çevrilib. Çünki işimizi çox sevirik və bundan sonrakı fəaliyyətimizdə də eyni həvəslə çalışacağımıza inanıram. Tarixi qorumaq, onu yaşatmaq, əsrlərin mirasını gələcək nəsillərə çatdırmaq vəzifədən ziyadə vətəndaşlıq borcudur.

Vüsalə Bəbirova

“Çıraqqala-Şabran“ Dövlət Tarix-Mədəniyyət Qoruğunun baş fond mühafizi