Tarixdəki olaylar

 

7 oktyabr 1992 – Milli Məclisin iclasında Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə (MDB) üzvlüyü məsələsi müzakirə olunub. Gərgin müzakirələrdən sonra Milli Məclis üzvlərinin əksəriyyəti MDB-yə daxil olmanın əleyhinə səs verib. Azərbaycan MDB-yə üzvlüyü bir il sonra, 1993-cü ilin sentyabrında reallaşdı.

 

7 oktyabr 1994 – Prezident Heydər Əliyev fərmanı ilə Surət Hüseynov Azərbaycan Respublikasının Baş naziri vəzifəsindən azad edilib. S.Hüseynov 1994-cü il oktyabrın 4-də Gəncədə dövlət çevrilişi cəhdində iştirakda günahlandırılaraq vəzifədən kənarlaşdırılmışdı.  O, oktyabrın 6-da Milli Məclisin üzvlüyündən də azad edilmişdi. Daha sonra ölkəni tərk edərək Rusiyaya gedən S.Hüseynov 1996-cı ildə orada həbs edildi və Azərbaycana gətirildi. 2004-cü ildə Prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olundu. 

 

7 oktyabr 2001 – ABŞ və müttəfiqləri Əfqanıstanda antiterror əməliyyatına başlayıb. 11 sentyabr terroruna cavab olan “Əyilməz azadlıq” adlı əməliyyat 2002-ci ilin yanvarında Əfqanıstanda “Taliban” rejiminin süqutu ilə başa çatdı. 2021-ci ildə amerikalılar Əfqanıstanı tərk etdikdən sonra “Taliban” yenidən hakimiyyətə qayıtdı.

  

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

7 oktyabr 1915 – Rus şairi Marqarita İosifovna Aliger (1915 – 1.8.1992) anadan olub. Poemaları: “İgidlərin xatirəsinə”, “Zoya” və s.

 

7 oktyabr 1921 – Əməkdar mədəniyyət işçisi, kino təşkilatçısı Gita Aleksandrovna Bessantina (1921–2000) anadan olub.

 

7 oktyabr 1992 – Məşhur memar, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, akademik Mikayıl Ələsgər oğlu Hüseynov (19.4.1905 – 1992) vəfat edib. Nizami adına Ədəbiyyatı Muzeyi, Milli Kitabxana, AMEA-nın binası, Bakı Musiqi Akademiyası və s. tikililərin layihə müəllifidir.

 

7 oktyabr 2021 – Əməkdar rəssam, heykəltaraş Namiq Əbdülxaliq oğlu Dadaşov (27.11.1945 – 2021) vəfat edib. Üzeyir Hacıbəyli və Bülbülün Şuşa şəhərindəki büstlərinin, Bakıda Fikrət Əmirovun heykəlinin müəllifidir.

Hazırladı: Vüqar Orxan