Tarixdəki olaylar
4 oktyabr 1582 – Roma Papası XIII Qriqorinin qərarı ilə Avropada yeni təqvimə keçid başlanıb. Qriqorian təqvimi adını alan yeni təqvim köhnədən 10 gün irəli (4 oktyabrdan sonra növbəti gün 15 oktyabr oldu) idi. Azərbaycanın da daxil olduğu keçmiş Rusiya imperiyasının ərazisində yeni təqvimə keçid 1918-ci ilin əvvəlində baş verdi.
4 oktyabr 1957 – SSRİ-də dünyanın ilk süni peyki – “Sputnik-1” kosmosa çıxarılıb. ABŞ ilə yarışan Sovet İttifaqı kosmosun fəthində birincilik əldə edib.
4 oktyabr 1993 – Moskvada prezident-parlament qarşıdurması güc tətbiqi ilə başa çatıb. Prezident Yeltsin tərəfindən buraxılmış Ali Sovetin tərəfdarlarının silaha əl atmasına cavab olaraq şəhərə hərbi qüvvələr yeridilib, parlament binası topa tutulub. Ali Sovetin sədri R.Xasbulatov, ona dəstək verən vitse-prezident A.Rutskoy və başqaları həbs edilib. Bu hadisədən sonra Rusiyada sovetlərin mövcudluğuna rəsmən son qoyuldu. 1993-cü il dekabrın 12-də yeni Konstitusiya qəbul olundu və qanunverici orqan kimi Dövlət Duması təsis edildi.
4 oktyabr 2020 – Azərbaycan Silahlı Qüvvələri 27 il erməni işğalı altında qalan Cəbrayıl şəhərini azad edib. Cəbrayıl 44 günlük Vətən müharibəsi gedişində işğaldan azad edilən ilk şəhər idi. Prezident, Ali Baş Komandan İlham Əliyev bu zəfər münasibətlə televiziya ilə xalqa müraciət edib. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına (2023) əsasən, 4 oktyabr Cəbrayıl Şəhəri Günüdür.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
4 oktyabr 1720 – İtalyan arxeoloqu, rəssam və memar Covanni Batista Piranezi (Giovanni Battista Piranesi; 1720–1778) anadan olub.
4 oktyabr 1923 – Azərbaycanın Xalq artisti, teatr və kino aktyoru Anatoli Solomonoviç Falkoviç (1923 – 1.11.1994) Bakıda doğulub. Dövlət Rus Dram Teatrında çalışıb, respublika Dövlət mükafatına layiq görülüb. “Qatır Məmməd”, “Bakıda küləklər əsir” və s. filmlərdə çəkilib.
4 oktyabr 1924 – Opera müğənnisi, Əməkdar artist Sona Şahnəzər qızı Aslanova (1924 – 9.3.2011) anadan olub. Opera və operettalarda (Nigar – “Koroğlu”: Gülçöhrə – “Arşın mal alan”) çıxış edib. “Bizim Cəbiş müəllim”, “Görüş” və s. filmlərdə çəkilib. Ömrünün son illərini ABŞ-də yaşayıb və orada dünyasını dəyişib.
4 oktyabr 1957 – Tanınmış balaban ifaçısı Məhərrəm Ağabala oğlu Mövsümov (1916–1957) vəfat edib.
4 oktyabr 2000 – Görkəmli bəstəkar, Xalq artisti Tofiq Ələkbər oğlu Quliyev (7.11.1917 – 2000) vəfat edib. Populyar mahnıların, filmlərə musiqilərin müəllifidir. Azərbaycan Bəstəkarlar İttifaqının sədri olub.
4 oktyabr 2006 – Xalq artisti Hacıbaba Ağarza oğlu Bağırov (12.6.1933 – 2006) vəfat edib. 1962-ci ildən Musiqili Komediya Teatrında çalışıb, 1996–2006-cı illərdə teatra rəhbərlik edib. Filmlərdə çəkilib.
4 oktyabr 2016 – Tanınmış teatr rejissoru Yusif Məmmədağa oğlu Əkbərov (2.9.1949 – 2016) vəfat edib. Sumqayıt Dövlət Dram, Musiqili Komediya teatrlarında işləyib.
Hazırladı: Vüqar Orxan