Tanınmış jurnalist, yazar, texnika üzrə fəlsəfə doktoru İbrahim Nəbioğlunun “Gələcək çox tez gələcək” kitabının təqdimat mərasimi keçirilib.
Əvvəlcə müəllif kitab haqqında məlumat verib. Kitabda gələcək barədə hikmətli fikirlərin, aforizmlərin və həyat dərslərinin yer aldığını deyən İbrahim Nəbioğlu vurğulayıb ki, “Süni intellekt”, “Dünya 4.0”, “Tibb 4.0”, “Nobel mükafatının cazibəsi”, “Sapere Aude” adlı fəsillərdə oxucular üçün diqqətçəkən məqamlara yer verilib. O, nəşrin təqdimatının müəllimi və elmi rəhbəri olmuş akademik Azad Mirzəcanzadənin və atası professor Nəbi Yaqubovun doğum günü ərəfəsində keçirildiyini və onların unudulmaz xatirələrinə ithaf olunduğunu bildirib.
Milli Məclisin deputatı Fazil Mustafa çıxış edərək İbrahim Nəbioğlunun əsərlərinin Azərbaycan ədəbiyyatına yeni ab-hava gətirdiyini söyləyib. Bildirib ki, “Gələcək çox tez gələcək” kitabı bir müddət kəsilmiş elmin populyarlaşdırılması ənənəsinin yenidən bərpası baxımından xüsusi önəm daşıyır və həmin ənənənin davamı kimi dəyərləndirilə bilər.
Deputatın sözlərinə görə, ictimaiyyətə təqdim olunan yeni nəşr düşünməyi üstün tutan cəmiyyət üçün mühüm yaradıcı işdir. Kitabda, həmçinin sosial şəbəkələrin imkanlarından səmərəli istifadə edərək fikir mübadiləsi aparmağın vacibliyi xüsusi vurğulanır.
Fazil Mustafa bu kimi tədbirlərin cəmiyyətin kitaba olan maraq və bağlılığını daha da artırdığını söyləyib. Qeyd edib ki, oxucular bu əsəri mütaliə etməklə elmi və texniki biliklərini zənginləşdirərək intellektual dünyagörüşlərini genişləndirəcəklər.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı kitabın gələcəyə işıq salan yol xəritəsi kimi əvəzsiz dəyərə malik olduğunu vurğulayıb. O, İbrahim Nəbioğlunun həyat və yaradıcılıq yoluna nəzər salıb, müəllifin çoxşaxəli fəaliyyəti ilə seçildiyini söyləyib. Kitabdakı yazıların bir çoxunun redaktoru olduğunu deyən Elçin Şıxlı yeni nəşrin Azərbaycan intellektual mühitində mühüm yer tutacağını bildirib, müəllifə yeni yaradıcılıq uğurları arzulayıb.
Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi və digər çıxış edənlər kitabın əhəmiyyətindən bəhs ediblər.
Sonda İbrahim Nəbioğlu kitabını oxucular üçün imzalayıb.
Qeyd edək ki, Milli Məclis sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov kitaba “Onun içərisindəki saat” başlıqlı ön söz yazıb.