Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda otuzillik mücadiləsinin həlledici mərhələsi – 44 günlük haqq savaşının başlandığı 27 Sentyabrın beşinci ildönümü tamam olur.
Milli təqvimimizdə əbədi anlam qazanan bu tarix təkcə 2020-ci ilin Vətən müharibəsində deyil – ondan öncə və sonra – işğal altındakı Vətən torpaqlarının azad edilməsi uğrunda həlak olmuş cəmi şəhidlərimizin Anım Günüdür.
2020-ci ilin 27 sentyabrı səbrin sonu idi. Ali Baş Komandan yağı düşməni yurd yerlərimizdən vurub çıxarmaq əmri vermişdi: “Hesab edirdilər ki, bizim torpaqlarımızda əbədi oturacaqlar, bizə meydan oxuyacaqlar. Səbrimiz tükəndi, dedim irəli!...”.
2020-ci ilin 27 sentyabrı böyük Zəfərin başlanğıcı idi. Həmin gün ölümü gözə alıb düşmən üzərinə yeriyən igidlər tariximizə şan və şərəf salnaməsi yazdılar.
Prezident, Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günü xalqa müraciətində Qarabağ məsələsinin milli məsələ, bu məsələnin həllinin isə tarixi vəzifə olduğunu bəyan etdi. Bu savaş mütləq qalibiyyətlə bitməli idi: “Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun...”.
Necə demişdi, elə də oldu.
“Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq” – bu isə Müzəffər Ali Baş Komandanın xalqa müraciətidir. 27 Sentyabrın birinci ildönümündə...
Azərbaycan xalqı adlarını tariximizə əbədi həkk etmiş qəhrəman övladlarının xatirəsini qəlbində yaşadır. Şəhidlərin xatirəsi ölkəmizin hər yerində əbədiləşdirilir, paytaxtdan bölgələrədək monumental abidələr, 44 Günün şərəfinə zəfər tağları ucaldılır.
Şəhidlərimizin xatirəsinə bir abidə – qaya parçası isə Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığında qoyulub.
Bura 2020-ci ilin 27 sentyabrında Vətən uğrunda ölümsüzlüyə gedənlərin ilk şəhadət yerlərindən biridir.
“Haradan başlayır Vətən” deyə sual ediləndə bu qaya parçası da əzəmətli sükutu ilə cavab verəcək...
O şəhadət abidəsinin yanından keçən yolla indi azad və abadlaşan torpaqlarımıza onların əzəli sakinləri qayıdır. Böyük Qayıdışın ünvanları artır, sırası genişlənir.
İllər keçəçək, külli Qarabağın abi-həyatı dəyişəcək, azad yurd yerlərimizin hamısı dirçəldiləcək.
Torpaqlarımızı canı-qanı bahasına bizə qaytaranlara şükranlıq borcumuz isə əbədiyyən qalacaq...
Vüqar Orxan