Belarus Milli İncəsənət Muzeyində Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, müasir mənzərə rəngkarlığının dahi ustası Səttar Bəhlulzadənin (1909–1974) əsərlərindən ibarət sərginin açılışı olub.
“Səttar Bəhlulzadə – görünməyən aləmlərin yaradıcısı” adlı sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Belarus Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Belarus Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir.
Sərgidə Səttar Bəhlulzadənin Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından seçilmiş, çox sevdiyi vətəninin əsrarəngiz təbiət mənzərələrini əks etdirən 30-dək rəngkarlıq və qrafika əsəri yer alıb.
Təqdim olunan əsərlər dahi rəssam Səttar Bəhlulzadənin Azərbaycan təsviri sənətinin parlaq hissəsini təşkil edən, sonrakı nəsillər üçün ilham mənbəyi olan bədii irsini əks etdirməklə, tamaşaçılarda sənətkarın yaradıcılığı və unikal bədii üslubu haqqında dolğun təsəvvür formalaşdırır.
Səttar Bəhlulzadə sənətdə yaşadığı dövrün ideoloji çərçivələrindən kənar, təkrarsız yolla gedib. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi və V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun məzunu olan sənətkar ömrünü doğma torpağın hər guşəsini kətana köçürməyə həsr edib, təbiətin ruhunu, görünməyən mahiyyətini rənglərin dili ilə ifadə edib. O, yaradıcılığında dahi Azərbaycan şairi Məhəmməd Füzulinin poeziyası, Təbriz miniatür üslubu və Azərbaycan xalça sənəti kimi əsas mənbələrdən ilhamlanıb.
Poeziya vurğunu olan Səttar Bəhlulzadənin əsərlərində Füzulinin kədərli lirizmi və ilahi məhəbbəti rəssamın rəsmlərində təbiətə olan sonsuz eşqlə qovuşurdu. Səttar Bəhlulzadə Azərbaycan təsviri sənətində M.Füzuli və onun “Leyli və Məcnun” əsərinin qəhrəmanlarına həsr edilmiş rəngkarlıq və qrafika əsərləri ilə də mühüm yer tutur.
Sərgidə nümayiş olunan “Məcnun” əsərində səhralarda dolaşan uzun saçlı qəhrəmanın portreti vasitəsilə onun daxili aləmi – sevgi, iztirab, tənhalıq və ilahi eşq ustalıqla əks etdirilib.
Ekspozisiyada yer alan “Mavi səmada”, “Qafqaz ahəngləri”, “Çiçəklənən heyva”, “Romantik dağlar” kimi əsərləri onun bənzərsiz sənətkarlığının təcəssümü olan poetik-fəlsəfi səciyyəli, simvolik mənaya malik yaradıcılıq incilərindəndir. “Bilgəh”, “Çiçəklənən badam ağacı”, “Tut ağacı” kimi mənzərə əsərlərində rəssam təbiətdə mövcud olan rənglərin harmoniyasını, incə keçidlərini ustalıqla kətan üzərinə köçürüb. Bol məhsullu Azərbaycan təbiətinin ayrı-ayrı cizgiləri “Göygöl”, “Şahnabad dağları”, “Mənzərə”, “Narlar və heyvalar” və digər mənzərə və natürmort janrlı qrafik rəsmlərində ustalıqla əbədiləşdirib.
“Səttar Bəhlulzadə – görünməyən aləmlərin yaradıcısı” sərgisi tamaşaçılara dahi rəssamın Azərbaycan təsviri sənətindəki misilsiz yerini, yaradıcılıq fəlsəfəsini və unikal bədii üslubunu dolğun şəkildə təqdim edib.
Sərgi 24 noyabr 2025-ci il tarixinədək davam edəcək.