Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi və Xankəndi Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə sentyabrın 20-də Xankəndidə Şəhər Günü münasibətilə silsilə  tədbirlər keçirilib.

20 Sentyabr – Dövlət Suverenliyi Gününə də xüsusi rəng qatan Xankəndi Şəhər Günü çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Uşaq İncəsənət Festivalı (UİF) qaliblərinin konsert proqramı təqdim olunub.

Konsertdən əvvəl mədəniyyət nazirinin müavini Fərid Cəfərov və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, şəhər sakinləri Xankəndi şəhərinin mərkəzi meydanında UİF üçün qurulmuş guşə ilə tanış olublar. Ərazidə qurulmuş oyun zonasında zəka oyunları, interaktiv əyləncə küncləri və yaradıcı fəaliyyət sahələri xüsusilə uşaqların böyük marağına səbəb olub.

Sonra tamaşaçılar böyük səhnədə UİF qaliblərinin ifasında mahnı və rəqslərdən ibarət geniş konsert proqramını izləyiblər.

Bütün ifalar alqışlarla qarşılanıb.

Uşaqlar şövqlü ifaları ilə Xankəndi Şəhəri Günü və Dövlət Suverenliyi Gününə öz sənət töhfələrini veriblər.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi və Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində əsası qoyulan festival ölkəmizin ən böyük sənət layihələrindəndir. Bu il ikinci dəfə gerçəkləşən Uşaq İncəsənət Festivalı dövlət başçısının həyata keçirdiyi milli mədəniyyət siyasətinə uyğun olaraq, milli dəyərlərimizin gənclərə aşılanması, ənənəvi sənət sahələrinin yaşadılması, eləcə də onların dövlətçiliyə, milli-mənəvi dəyərlərə bağlı yetişdirilməsinə xidmət edir. Festival Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun ölkəmizdə mədəniyyətin inkişafı və gənc istedadların dəstəklənməsinə yönəlmiş fəaliyyətinin tərkib hissəsidir.