Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gəncə şəhərində olublar.
Dövlətimizin başçısı və birinci xanım Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya şəhərdə aparılan tikinti-quruculuq işləri barədə məlumat verib.
Bildirilib ki, III MDB Oyunlarına hazırlıq çərçivəsində Gəncə şəhərində bütün aidiyyəti qurumlar səfərbər olunub, genişmiqyaslı abadlıq-quruculuq, təmir-bərpa və tikinti işləri həyata keçirilir.
Gəncə Şəhər İcra Hakimiyyəti və “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən indiyədək 120-dən çox küçənin asfalt örtüyü yenilənib, əsaslı təmir işləri görülüb. Yenidənqurma işləri şəhərdəki bir neçə parkı da əhatə edib. Bütün bunlarla yanaşı, küçələrin işıqlandırılması, şəhərin müxtəlif yerlərində yeni yaşıllıqların salınması istiqamətində bir sıra işlər görülüb.
“Bakı Abadlıq Xidməti” MMC tərəfindən şəhərin 637 yaşayış və qeyri-yaşayış binasının fasadı təmir edilib, 1159 binanın dam örtüyü və 49 küçədə, prospektdə işıqlandırma sistemləri, 62 ünvanda fasad işıqlandırılması yenilənib, 24 fəvvarədə təmir və bərpa işləri görülüb, 27 min kvadratmetr sahədə piyada yolları bərpa edilib.
***
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gəncə şəhər stadionunda aparılan tikinti işlərinin gedişi ilə tanış olublar.
Gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.
Bildirilib ki, 1959-1963-cü illərdə inşa edilən Gəncə şəhər stadionu 1964-cü ildə istismara verilib. Son illərdə stadionun tamaşaçı tribunaları yararsız vəziyyətə düşdüyündən və texniki cəhətdən istismarı mümkün olmadığından bu idman qurğusunun fəaliyyəti qismən həyata keçirilirdi.
Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı Sərəncama əsasən, Gəncə şəhər stadionunun yenidənqurma işlərinin layihələndirilməsi və həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan ilkin olaraq bir milyon manat ayrılıb.
Ötən il aprelin 9-da dövlətimizin başçısı stadionun təməlini qoyub.
Qeyd edək ki, bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycan növbəti böyük idman yarışına – III MDB Oyunlarına ev sahibliyi edəcək. Bunun üçün bir neçə şəhər və rayon seçilsə də, MDB Oyunlarının açılış və bağlanış mərasimləri, həmçinin əsas oyunlar Gəncədə keçiriləcək. Bütün bunlar nəzərə alınaraq şəhər stadionunun tikintisində işlər sürətləndirilib. Stadionun ərazisində köməkçi məşq meydançaları və Futbol Akademiyası binası tikilib. Yeni layihəyə görə stadionun ərazisi genişləndirilərək 10,4 hektara çatdırılıb. Nəqliyyat vasitələrinin təhlükəsiz giriş-çıxışı və parklanması ilə birlikdə idman arenasının ümumi sahəsi 12 hektardan çoxdur.
UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilən stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 343 yerlikdir. Stadionda fiziki imkanları məhdud tamaşaçılar üçün müvafiq sayda oturacaqlar, media və VIP zonalar mövcud olacaq. Burada, həmçinin futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və digər zəruri sahələr də müasir səviyyədə qurulur. Stadionun daxilində bilet satışı, müxtəlif ictimai iaşə obyektləri, avtodayanacaqlar və nəzarət-buraxılış məntəqələri yaradılacaq. Stadion UEFA tələblərinə uyğun işıqlandırma, səs, yayım, internet, havalandırma, təhlükəsizlik və digər zəruri sistemlər ilə təchiz olunur. İdman qurğusunun ərazisində də geniş abadlıq və yaşıllaşdırma işləri həyata keçirilir.
Müxtəlif idman yarışlarının keçiriləcəyi Gəncə şəhər stadionunun inşası, ilk növbədə, uşaqlar və yeniyetmələr arasında futbola olan marağı daha da artıracaq, futbolla məşğul olmaq istəyənlərə geniş imkanlar yaradacaq. Bölgələrimizdə yeni idman komplekslərinin yaradılması, köhnələrinin əvəzinə müasir idman qurğularının inşası ümumilikdə ölkəmizdə idmanın kütləviliyini təmin etməklə yanaşı, gənc nəslin sağlam yetişməsi baxımından da böyük rol oynayır. Bu layihə, eyni zamanda, ölkəmizin III MDB Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün gördüyü işlərdən biridir.
***
Avqustun 20-də Gəncə şəhərinə səfəri zamanı Prezident İlham Əliyev “Azerbazalt” MMC-nin bazalt məhsullarının istehsalı müəssisəsinin təməlini qoyub.
Prezident və birinci xanım “Hacıkənd” istirahət kompleksinin tikintisi ilə də tanış olublar.