Son həftə ərzində Türkiyədə ezamiyyətdə olduğum müddətdə İzmir şəhərindəki Ege Universitetinin apardığı arxeoloji tədqiqat işləri ilə yaxından tanış oldum və təcrübə mübadiləsi ilə bağlı uğurlu danışıqlar apardım. Əsas məqsədimiz Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşlarının təcrübə mübadiləsinə şərait yaratmaq, bunun üçün yeni elmi əməkdaşlığı əks etdirən sistemli proqramların çalışmasına nail olmaqdır. Bu baxımdan yaxın illərdə əsas hədəfimiz rəqəmsal arxeologiya sahəsinin aparılan çöl-tədqiqat işlərində tətbiqi olacaq.

Bu fikirləri AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent, Almaniya Arxeologiya İnstitutunun müxbir üzvü Fərhad Quliyev bildirib.

Onun sözlərinə görə, rəqəmsal (digital) arxeologiya  bu gün müasir tədqiqat işlərinin əsas metodoloji bazasını təşkil edir: “Ona görə də əməkdaşlarımızın, əsasən də gənc nəslin mütləq şəkildə bu sahədə təcrübə qazanması institut rəhbərliyini düşündürür və əsas fəaliyyətimizin məqsədidir. Onu da qeyd edim ki, institutumuzun bir sıra ekspedisiyaları hazırda rəqəmsal arxeologiyanın əsas tələblərinə uyğun şəkildə öz işlərini təşkil edə bilib. Doğrudur, bunu etmək əsasən beynəlxalq tərkibli ekspedisiyalarımızda mümkün olub”.

F.Quliyev bildirirb ki, cari ildə bu istiqamətdə institut tərəfindən ilk addımlar atılıb. Rəqəmsal arxeologiyaya aid lazımi avadanlıqlar alınıb və az sayda olsa da, bir sıra əməkdaşlar təcrübə üçün elmi ezamiyyətə göndəriliblər.

“Türkiyədə apardığım danışıqlar zamanı 2026-cı ildə, iki dəfə olmaqla institutumuzun əməkdaşları rəqəmsal arxeologiya sahəsində praktik təcrübə keçmələri üçün ezam olunacaqlar. Plana uygun hər il 10 əməkdaşımız təcrübəyə göndəriləcək. Göndəriləcək əməkdaşlar bu sahədə bacarıq qabiliyyətinə uyğun seciləcəklər. Həmçinin Türkiyənin bu sahəsinin mutəxəssisləri tərəfindən ölkəmizdə tədris kurslarının keçirilməsi və bir sıra qazıntılarda qısamüddətli iştirakı nəzərdə tutulub. Peşəkarlıq arxeoloji tədqiqatlarda rəqəmsal üsulları öyrənməkdən keçir. Arxeologiya və Antropologiya İnstitutunun elmi-tədqiqat işlərinin keyfiyyətini artırmaq, onu dünya standartlarına uyğunlaşdırmaq əsas vəzifəmizdir”, - deyə institutun direktoru əlavə edib.