19–22 avqust tarixlərində Gəncə şəhərində Azərbaycan Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun və Türkiyə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin Ege Kənd Təsərrüfatı Tədqiqatları İnstitutunun təşkilatçılığı, Azərbaycan Dövlət Aqrar Universiteti, Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu və AMEA-nın Gəncə Bölməsinin dəstəyi ilə “II Mirzə Göygöl Beynəlxalq Bitki Genetik Ehtiyatları Simpoziumu” keçirilir.
Simpozium azərbaycanlı alim, kənd təsərrüfatı elmləri doktoru Mirzə Hacızadənin (Mirzə Göygöl; 1897–1981) xatirəsinə həsr olunub. Mirzə Hacızadə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri olub. Cümhuriyyətin süqutundan sonra vətənə qayıda bilməyib, Türkiyədə yaşayıb və elmi-pedaqoji fəaliyyət göstərib.
Simpoziumda AMEA Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini filologiya üzrə fəlsəfə doktoru dosent Əlimuxtar Muxtarov “Nizami Gəncəvinin yaradıcılığında Azərbaycanın bitki genetik ehtiyatları” mövzusunda geniş məruzə ilə çıxış edib.
Məruzədə Nizami Gəncəvinin əsərlərinin elmi mahiyyətindən söz açılıb. Məruzəçi Ümummilli lider Heydər Əliyevin dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı ilə bağlı fikirlərindən sitat gətirib: “Bu əsərlər təkcə şeirdən ibarət deyildir, onların hər birində böyük elm var, böyük fəlsəfə, dahi fikirlər var. Buna görə də onun əsərləri də yaşayır, özü də yaşayır”.
Ədəbiyyatşünas-alimin fikrincə, Nizami Gəncəvinin əsərlərində təbiətşünaslıq, riyaziyyat, həndəsə, astronomiya, kosmologiya, fəlsəfə, ilahiyyat, tibb, əxlaq, musiqi və digər elmlərə aid mövzular, istiqamətlər poetik formada elə əsaslandırılıb ki, üzərindən doqquz əsrə yaxın bir zaman keçsə də, aktuallığını qoruyub saxlayır: “Təsadüfi deyil ki, Nizami Gəncəviyə “Həkim Nizami”, “Alim-şair”, yaxud “Şair-alim” deyə müraciət etmişlər.
Qeyd olunub ki, Nizami Gəncəvinin yaradıcılığında dolğunluğu ilə öz əksini tapan elm sahələrindən biri də təbiətşünaslıqdır. Doğma Azərbaycanının, Gəncəsinin, onun bənzərsiz təbiətinin vurğunu olan dahi şair “Xəmsə”sinə daxil olan hər bir məsnəvisində yeri gəldikcə bu ilahi nemətin elmi, fəlsəfi əsaslarını obrazlı təfəkkürlə bəyan etməklə yanaşı, onu qorumağın vacibliyini də söyləyib.
Bu baxımdan “İskəndərnamə” poemasında “İskəndərin yeddi yunan filosofu ilə xəlvətə çəkilməsi” hissəsi diqqəti cəlb edir. Yunan filosoflarının Kainatın yaranması barədə fikirlərini Nizaminin fəlsəfi baxışları kimi də dəyərləndirmək olar. Məsələn, alimlərdən Fərfuryusa görə, göy daim hərəkətdə, yer və torpaq isə sükunətdədir:
Maye olan hissə etdi hərəkət,
Quru olan isə tapdı sükunət.
Hərəkət eləyən - göy oldu, parlaq.
Sükunətdə qalan - bu yer, bu torpaq.
Dahi mütəfəkkir yurdunun təbii gözəlliklərini tükənməz sevgi ilə vəsf edib. O, qəsidələrinin birində təbiətə məhəbbətini, onun qorunması ilə bağlı qayğılarını belə ifadə edir:
Bu təbiət anamızdır, onu sevmək xoşdur,
Ana ardınca uşaq qəlbi məhəbbətdə olar.
“İskəndərnamə” poemasında isə:
Bərdə nə gözəldir, necə qəşəngdir,
Yazı da, qışı da güldür, çiçəkdir.
- misraları ilə vətəni Azərbaycanın təbiətinin sanki bütün fəsillərinin poetik lövhələrini yaradır ki, bu da ilk növbədə Nizami Gəncəvinin milli mənsubiyyətinin Azərbaycan türkü olmasına əsaslanır.
Nizami təbiəti göz bəbəyi kimi qorumağı da müdrikcəsinə ifadə etmişdir. Onun “Xosrov və Şirin” poemasında ağacların kəsilməsinə, heyvanların ovlanmasına münasibəti bu baxımdan diqqət çəkir:
Ağacı yıxanlar tez yıxılarlar,
Ovçunun axırı dilənçi olar.
Beləliklə, Nizami Gəncəvi insan xarakterini, onun mahiyyətini təbiətlə qarşılıqlı əlaqədə verməklə yaşadığımız planeti bütün bəşəriyyətin ömür sürə biləcəyi bir ev halına gətirməyin vacibliyini əsaslandırıb”.