Xalq şairi Bəxtiyar Vahabzadənin (1925–2009) 100 illiyi ölkəmizlə yanaşı, Türk dünyasında da geniş qeyd edilir. Yaradıcılığının çox sevildiyi Türkiyədə yubiley münasibətilə silsilə tədbir və təqdimatlar gerçəkləşir.

Türk Ədəbiyyatı Vəqfinin nəşri olan “Türk ədəbiyyatı” dərgisinin B.Vahabzadənin 100 illiyinə həsr edilən xüsusi buraxılışı çapdan çıxıb.

"Bəxtiyar Vahabzadə 100 yaşında" adlı nəşr dərginin baş redaktoru, yazıçı-tərcüməçi İmdad Avşarın "Həsb-hal" məqaləsi ilə açılır. Yazıda B.Vahabzadə yaradıcılığının ideya-bədii xüsusiyyətləri təhlil edilməklə bərabər, şairin Türkiyənin ədəbi-mədəni mühiti ilə əlaqələrinə də diqqət çəkilir.

Jurnalda Azərbaycan və Türkiyənin tanınmış yazar və elm xadimlərinin B.Vahabzadə ilə bağlı məqalələrinə təqdim olunur. Xüsusi buraxılışda ölkəmizdən Xalq yazıçısı Anar, akademiklər İsa Həbibbəyli, Rafael Hüseynov, Nizami Cəfərov, Xalq şairi Sabir Rüstəmxanlı və başqalarının məqalələri yer alıb. Eyni zamanda Türkiyədən Yahya Akengin, Mitat Durmuş, İsa Kocakaplan, Nilufər Yıldırım, Orxan Aras və digər müəlliflərin yazılar da oxuculara təqdim olunur.

Dərgidə Xalq şairinin türkcəyə uyğunlaşdırılmış bir sıra şeirləri də verilib.