Sektorda Amerika monopoliyalarına qarşı addımlar atılır...

Almaniyada federal hökumət milli kino sənayesinin beynəlxalq rəqabətdə imkanlarını artırmaq üçün addımlar atmağa başlayıb.

2026-cı il üçün federal büdcə layihəsində alman bədii filmlərinin və seriallarının maliyyələşdirilməsinə 250 milyon avro vəsait ayrılıb. Bu, sektora 2025-ci ildə ayrılan dövlət vəsaitindən (130 milyon avro) demək olar ki, iki dəfə çoxdur.

“Frankfurter Allgemeine Zeitung” qəzeti yazır ki, yerli prodüserlər hökumətin mövqeyini yüksək qiymətləndiriblər. Alman Prodüserlər Assosiasiyası, Sənədli Filmlər üzrə İşçi Qrupu və Almaniya Kino Akademiyasından ibarət sənaye alyansı bu artımı “Alman kino sənayesinin beynəlxalq rəqabətdə davamlı şəkildə gücləndirilməsi üçün mühüm siqnal” adlandırıb.

Almaniyanın mədəniyyət üzrə dövlət naziri Volfram Vaymer (Kulturstaatsminister Wolfram Weimer) eyni zamanda audiovizual sənaye sahəsində Amerika monopoliyasına qarşı daha ciddi addımlar atılmasının tərəfdarıdır. O hesab edir ki, ABŞ-nin striminq şirkətləri Almaniyanın media mənzərəsi üçün təhlükə yaradır. Nazir  rəqəmsal vergi ilə bağlı daha öncə səsləndirdiyi çağırışı təkrarlayıb və striminq provayderlərini müzakirəyə dəvət edib.

Nazir Almaniyada striminq xidmətləri üçün vergi və investisiya kvotası təyin edilməsini istəyir. Bu, ölkənin ARD, ZDF, RTL və ProSiebenSat.1 kimi iri yayımçılarına təsir edəcək.

Volfram Vaymer vəzifəyə təyinatından az sonra, may ayının sonunda rəqəmsal vergi ideyasını gündəmə gətirmiş, həmçinin sektorda ABŞ-nin monopolist şirkətlərinə qarşı xəbərdarlıq etmişdi.

Bu günlərdə şirkət nümayəndələri ilə görüşən nazir deyib ki, beynəlxalq platformalar (əsasən ABŞ şirkətləri) Almaniyada əldə edilən reklam gəlirinin 10%-ni vergi kimi ödəməli, bundan əlavə, yayımçılar Almaniyaya sərmayə qoymalıdır.

O, qonşu Fransanı misal gətirərək bildirib ki, bu ölkədə fəaliyyət göstərən beynəlxalq striminq xidmətləri yerli gəlirlərinin 20%-ni fransız dilində Avropa layihələrinə (filmlərə və s.) sərmayə kimi yatırırlar.

Amerika nəhəngləri ilə görüşdən sonra Vaymer məsələdə daha təmkinli mövqe sərgiləyib. Nazir bildirib ki, Netflix, Amazon, Prime, Apple və Disney Almaniyada daha fəal iştiraka açıqdır: “Onlarla söhbətimizdən öyrəndiyim odur ki, hamımızın məqsədi Almaniyanın film istehsalı məkanı kimi mövqeyini gücləndirməkdir”.

Nazir bir daha vurğulayıb ki, məqsədi Almaniyada film və seriallara investisiyaların artırılmasını təşviq etmək və ölkəyə istedadlı insanları cəlb etməkdir. "Federal hökumət bu impulsu gücləndirmək üçün əlavə stimullar yaradacaq. Bu, Almaniyanı yaradıcı dəyərlərin yaradılması və daha çox hit seriallar və blokbasterlərin istehsalı üçün bir məkana çevirəcək", – deyə o əlavə edib.

Mədəniyyət üzrə dövlət naziri payızda rəqəmsal verginin tətbiqi ilə bağlı konkret planları təqdim etməyi planlaşdırır. O artıq Bundestaqdakı (federal parlament) iqtidar partiyalarının – CDU/CSU (Xristian-Demokrat və Xristian-Sosialist İttifaqı) və SPD (Sosial-Demokrat Partiyası), habelə müxalifətdəki “Yaşıllar” fraksiyalarından dəstək istəyib.

Lakin federal hökumətdəki və parlamentdəki həmkarlarının heç də hamısı Volfram Vaymerin bu təşəbbüsünü bölüşmür. İqtisadiyyat naziri Katherina Reiche (CDU) və CDU parlament qrupunun lideri Jens Spahn yayım platformalarına vergi tətbiqi ilə bağlı şübhələrini bildiriblər. Digər məsələlərlə yanaşı, onlar ABŞ şirkətlərinə yönəlmiş tədbirlərin Vaşinqtonla onsuz da gərgin olan tarif mübahisəsini daha da gücləndirə biləcəyindən ehtiyat edirlər.

Vüqar Orxan