Azərbaycan Aşıqlar Birliyinin (AAB) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı layihə davam etdirilir.

Layihə çərçivəsində AAB-nin sədri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının rəhbərliyi ilə hazırlanan kitab çap olunması üçün nəşriyyata təhvil verilib. Kitabın sentyabr ayında işıq üzü görməsi nəzərdə tutulur.

Bu barədə “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” bu kitabı nəşrə hazırlayan Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu məlumat verib.

Bildirib ki, bu layihəni həyata keçirməkdə qarşıya qoyduğumuz əsas məqsəd milli aşıq sənətinin inkişafında Qərbi Azərbaycan aşıq mühitlərinin mühüm roluna diqqət yönəltmək, dədə-baba torpaqlarından didərgin salınaraq bu gün Azərbaycanın müxtəlif guşələrində məskunlaşmış aşıqların yaradıcılıq fəaliyyətinə əlavə stimul verməkdir: “Əsas diqqəti Göyçə, Dərələyəz, Ağbaba-Amasiya, İrəvan kimi Qərbi Azərbaycan aşıq mühitlərində yaradılmış dastanlara yönəltmişik. Kitaba əsasən Qərbi Azərbaycanla bağlı olan və günümüzdə də dastançılıq ənənəsinin yaşadılmasında böyük əhəmiyyət kəsb edən dastanlar daxil edilib. Bu dastanları söyləyən, yaşadan ustad aşıqların müəyyən hissəsi dünyasını dəyişsə də, Fətulla Göyçəli, Ələddin Göyçəli, Faxfur Ağbabalı, Oktay Hüseynov, İmran Xəlilov kimi tanınmış sənətkarlar bu gün də dastançılıq ənənəsini uğurla yaşadırlar”.