Tarixdəki olaylar
14 avqust 1930 – Sovet İttifaqında icbari ibtidai təhsil haqqında qərar qəbul edilib. SSRİ Xalq Komissarları Sovetinin qərarına əsasən, 1930-1931-ci tədris ilindən etibarən 8-10 yaşında olan bütün uşaqlar məcburi qaydada ibtidai təhsilə (1-3-cü siniflər) cəlb edilməli idi. Qərarda həmçinin şəhər və qəsəbələrdə 7 illik icbari (natamam orta) təhsil sisteminə keçid nəzərdə tutulmuşdu. Qərarın icrası Azərbaycanda da savadsızlığın ləğvi sahəsində mühüm mərhələ oldu.
14 avqust 1947 – Britaniyanın müstəmləkəsi olan “Britaniya Hindistanı” ərazisində iki dövlət – Hindistan və Pakistan yaranıb. Pakistanın tərkibinə müstəmləkənin şimal-şərq və şimal-qərb bölgələri daxil olub. “Hindistan İttifaqı” adı altında üç il mövcud olan dövlət isə 1950-ci ildə (26 yanvar) Hindistan Respublikası elan edildi. Odur ki, Pakistandan fərqli olaraq, Hindistan dövlət bayramını 26 yanvarda qeyd edir. 1971-ci ildə Şərqi Pakistanda Banqladeş dövləti yarandı və o da müstəqilliyini elan etdi.
14 avqust 1989 – Bakıda Xalq Cəbhəsinin təşkilatçılığı ilə genişmiqyaslı mitinqlər və kütləvi tətillər başlanıb. Aksiyalar Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına, azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından deportasiyasına etiraz olaraq keçirilirdi. Tətil dalğası təxminən iki ay davam etdi. Respublikanın kommunist rəhbərliyinə ünvanlanan tələblərdən biri Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında qanunun qəbul edilməsi barədə idi. Həmin qanun 1989-cu il sentyabrın 23-də qəbul olundu.
14 avqust 2002 – Naxçıvanda, Azərbaycan-Ermənistan sərhədinin Sədərək rayonu ərazisində prezidentlər Heydər Əliyev və Robert Koçaryan arasında təkbətək görüş keçirilib. Bu, Azərbaycan və Ermənistan rəhbərləri arasında 1999-cu ildə başlanan təkbətək görüşlərin sayca 21-cisi idi. Prezidentlər danışıqlardan ümumən razılıq ifadə etsələr də, ortada heç bir nəticənin olmadığı bildirilib.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
14 avqust 1867 – İngilis yazıçısı, dramaturq və şair, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1932) Con Qolsuorsi (John Galsworthy; 1867 – 31.1.1933) anadan olub. “Forsaytlar haqqında saqa” trilogiyası, “Gümüş qutu” pyesi və s. əsərlərin müəllifidir.
14 avqust 1923 – Ədəbiyyatşünas, akademik, Dövlət mükafatı laureatı Kamal Abdulla Şaiq oğlu Talıbzadə (1923 – 20.1.2006) anadan olub. “Ədəbi irs və varislər”, “Azərbaycan ədəbi tənqidinin tarixi” və s. monoqrafiya və kitabların müəllifidir.
14 avqust 1933 – Şair, Əməkdar incəsənət xadimi Ramiz Heydər (Məmmədov; 1933–2010) Bakıda anadan olub. Sözlərinə populyar mahnılar (“Ayrılma məndən”, “Toy olsun, bayram olsun”) bəstələnib.
14 avqust 1938 – Əməkdar memar, memarlıq doktoru, professor Nəriman Əşrəf oğlu Əliyev (1938 – 13.7.2020) anadan olub.
14 avqust 1940 – Yazıçı-tərcüməçi, kino təşkilatçısı Asif Akif oğlu Əliyev (1940–2001) anadan olub. “Azərbaycanfilm”də dublyaj şöbəsinin baş redaktoru işləyib.
14 avqust 1948 – Əməkdar mədəniyyət işçisi Yavər Qəhrəman oğlu Cəbrayılov (1948 – 6.5.2023) anadan olub. Salyan Dövlət Kukla Teatrının direktoru işləyib.
14 avqust 1961 – Əməkdar artist Əzizə Əbdülbaği qızı Məmmədova (1892–1961) vəfat edib. Akademik Milli Dram, Türk İşçi teatrlarında çalışıb, “Görüş”, “Səhər” və s. filmlərdə çəkilib.
14 avqust 2017 – Tanınmış rəssam Əsgər Əsgərov (1948–2017) vəfat edib. Rəngkarlıq, batika, qrafika və s. nümunələrində İçərişəhər mövzu və motivləri xüsusi yer tutur.
Hazırladı: Vüqar Orxan