XIV Qəbələ Musiqi Festivalı çərçivəsində iyulun 26-da Heydər Əliyev Konqres Mərkəzində “Detaşe-Sabah” violinoçular ansamblının konsert proqramı təqdim olunub.
Konsertdən əvvəl kollektivin rəhbəri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva ansamblın fəaliyyəti barədə məlumat verib.
Bildirilib ki, Bakı Musiqi Akademiyasının “Detaşe-Sabah” violinoçular ansamblı artıq 20 ilə yaxındır ki, fəaliyyət göstərir. Ansamblın özəyini Akademiyanın “Sabah” qruplarının üzvləri təşkil edirlər. “Təhsillərini bitirməsi ilə əlaqədar olaraq hər iki-üç ildən bir ansamblın tərkibi dəyişir və biz öz işimizi yenidən başlamalı oluruq. Bu, əlbəttə ki, çətindir. Simfonik və kamera orkestrlərindən fərqli olaraq violinoçular ansamblının üzvləri dirijorsuz ifa edirlər. Burada hər bir fərdin bir-birinin səsini, nəfəsini hiss etməsi və ifa olunan əsərlərin ən kiçik təfərrüatlarını belə yalnız cilalanmış hissiyyat səviyyəsində ifa etməsi tələb olunur. Buna çox böyük əmək hesabına nail olunur”,- deyə ansamblın rəhbəri vurğulayıb.
Konsertdə Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Qara Qarayev, Fərhad Bədəlbəyli, Ü.Məmmədov, həmçinin İ.S.Bax, N.Rimski-Korsakov, S.Prokofyev, D.Şostakoviç və digər bəstəkarların əsərləri səsləndirilib.