Tarixdəki olaylar
26 iyul 1920 – Azərbaycan Xalq Maarif Komissarlığının qərarı ilə “geniş zəhmətkeş proletar kütləsinin musiqi savadı alması” məqsədilə Bakının səkkiz fəhlə rayonunda şöbəsi olan musiqi təhsili müəssisəsi – Xalq Konservatoriyası açılıb. Bir il sonra Azərbaycan Dövlət Konservatoriyası yaradıldı.
26 iyul 1938 – Azərbaycan SSR-in yeni Konstitusiyasına uyğun olaraq respublikanın ərazi-inzibati bölgüsündə rayonlar şəbəkəsi qanunla təsbitlənib. Bir sıra rayon və qəsəbələrin adları dəyişdirilib: Qaradonlu rayonu İmişli, Hil – Qusar, Zuvand – Lerik, Biləsuvar – Puşkin, Nərimanov – Xanlar, Vəryadüz – Yardımlı rayonları adlandırılıb. Bundan əlavə, Zubovka kəndi Əli Bayramlı (indiki Şirvan) şəhəri, Goranboy kəndi Qasım İsmayilov qəsəbəsi, alman icmasının yaşadığı Annino qəsəbəsi Şamxor (indiki Şəmkir), Helenendorf qəsəbəsi isə Xanlar (indiki Göygöl) qəsəbəsi adlandırılıb.
26 iyul 1992 – SSRİ Hərbi Dəniz Qüvvələrinin Xəzər Hərbi Donanmasının Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında bölüşdürülməsi başa çatıb və ölkəmizin sərəncamına keçən hərbi gəmilərin üzərində Azərbaycanın üçrəngli bayrağı qaldırılıb. SSRİ dağıldıqdan sonra Xəzərdəki hərbi donanmanın bölüşdürülməsi üzrə danışıqlar 1992-ci ilin əvvəlində başlamışdı. Gərgin danışıqlar Xəzər Hərbi Donanmasının 25 faizinin və Bakı Hərbi Dənizçilik Məktəbinin Azərbaycan Respublikasının sərəncamına verilməsi ilə yekunlaşdı.
Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin yaranma tarixi isə 1918-ci ilin 5 avqustundan hesablanır. Həmin gün Xəzərdə keçmiş Rusiya imperiyasına məxsus hərbi gəmilərin bazasında Azərbaycan Xalq Cümhuriyyətinin hərbi dəniz donanması yaradılıb.
26 iyul 1994 – Prezident Heydər Əliyevin imzaladığı fərmanla Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yaradılıb. 2001–2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirliyi kimi fəaliyyət göstərib, sonra yenidən Gənclər və İdman Nazirliyi olub.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
26 iyul 1856 – İngilis (irland əsilli) yazıçı və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1925) Corc Bernard Şou (George Bernard Shaw; 1856 – 2.11.1950) Dublin şəhərində doğulub. “Kandida”, “Piqmalion”, “Şeytanın şagirdi” və s. pyeslərin, “Artistin məhəbbəti”, “Keşel Bayronun sənəti” romanlarının müəllifidir.
26 iyul 1894 – İngilis yazıçısı Aldos Haksli (Aldous Leonard Huxley; 1894 – 22.11.1963) anadan olub.
26 iyul 1915 – Əməkdar artist, teatr rejissoru Əliheydər Əbdüləli oğlu Ələkbərov (1915 – 14.3.1975) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında çalışıb. Azərbaycan Dövlət Teatr İnstitutunda dərs deyib.
26 iyul 1928 – Amerika kinorejissoru Stenli Kubrik (Stanley Kubrick; 1928 – 7.3.1999) anadan olub. Filmləri: “Spartak”, “Lolita” və s.
26 iyul 1945 – Türk teatr və kino aktyoru Metin Çekmez (1945 – 25.8.2021) anadan olub. İstanbul Şəhər Teatrında çalışıb, film və seriallarda yaddaqalan obrazlar yaradıb.
26 iyul 1947 – Əməkdar mədəniyyət işçisi, fotojurnalist Farid Xayrulin (1947 – 27.8.2020) Bakıda anadan olub.
26 iyul 1949 – Əməkdar rəssam, heykəltaraş Zeynalabdin Əli oğlu İsgəndərov (1949 – 27.10.2021) Bakıda anadan olub. Görkəmli şəxsiyyətlərin qəbirüstü abidələrini, barelyeflərini hazırlayıb. Dövlət Rəssamlıq Akademiyasında çalışıb.
26 iyul 1954 – Əməkdar mədəniyyət işçisi Rəhman Ağarəhim oğlu Quliyev (1954–2010) anadan olub. Azərbaycan Dövlət Kukla Teatrının direktoru olub.
26 iyul 1995 – Xalq yazıçısı, ədəbiyyatşünas, publisist, ictimai xadim İsmayıl Qəhrəman oğlu Şıxlı (22.3.1919 – 1995) vəfat edib. Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981–1987), Milli Məclisin deputatı (1990–1995) olub.
26 iyul 2008 – Xalq rəssamı Nadir Qənbər oğlu Əbdürrəhmanov (5.12.1925 – 2008 ) vəfat edib. Azərbaycan Rəssamlar İttifaqı İdarə heyətinin sədri olub.
26 iyul 2024 – Azərbaycanın və Özbəkistanın Xalq artisti, 1977-ci ildən Ə.Nəvai adına Daşkənd Akademik Opera və Balet Teatrında rejissor işləmiş Firudin Səttar oğlu Səfərov (1.8.1933 – 2024) vəfat edib.
26 iyul 2024 – Azərbaycan əsilli türkiyəli şair, nasir, tərcüməçi Əfşar Timuçin (31.8.1939 – 2024) vəfat edib.
Hazırladı: Vüqar Orxan