Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində 44 günlük Vətən müharibəsinin şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Nurlan Mustafayevin (22.7.1990 – 12.10.2020) xatirəsinə həsr olunmuş "Vətənə bağlı ömür" adlı sənədli-bədii film nümayiş olunub.
Ekran əsəri "Azərbaycan Bayrağı" ordenli Nurlan Mustafayevin anadan olmasının 35 illiyinə həsr edilib.
Şəhidin anası Rahilə xanım çıxışında həyatını oğlunun adının yaşamasına, xatirəsinin əbədiləşdirilməsinə həsr etdiyini vurğulayıb. O, filmin çəkilməsində göstərilən dəstəyə görə hər kəsə öz təşəkkürünü bildirib.
Digər çıxışçılar filmdə şəhidin həyatı və döyüş yolu, Vətən müharibəsindən əks olunan kadrları izlədikdən sonra çox təsirləndiklərini bildirərək, Nurlan Mustafayev kimi oğulların sayəsində tarixi Zəfərin qazanıldığını vurğulayıblar.
Qeyd edək ki, Nurlan Hamlet oğlu Mustafayev 44 günlük Vətən müharibəsi zamanı bir sıra bölgələrdə döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 12-də Hadrut istiqamətində döyüşdə şəhidlik zirvəsinə ucalıb.
Dövlətimizin başçısının müvafiq sərəncamları ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" medalı, həmçinin Füzuli, Cəbrayıl və Kəlbəcərin azad olunmasına görə medallarla təltif edilib.