İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Bakıdakı Regional ofisində mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlığa həsr olunmuş ilk seminar təşkil olunub.

2025-ci il aprelin 29-da açılan ICESCO-nun Bakı Regional ofisinin əsas vəzifəsi Qafqaz və Mərkəzi Asiya ölkələri – Azərbaycan, Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstan arasında əməkdaşlığın koordinasiya edilməsidir.

Bu region Böyük İpək yolundan qeyri-maddi irs ənənələrinin müxtəlif nümunələrinə qədər nadir mədəni sərvətə malikdir və qlobal mədəni məkanın formalaşmasında mühüm rol oynamağa qadirdir.

Tədbiri giriş sözü ilə açan ICESCO-nun Bakıdakı Regional ofisinin direktoru Abdulhakeem Al-Senan seminar iştirakçılarını salamlayıb. O, bu tədbirə töhfə verənlərin hər birinə təşəkkürünü bildirib.

O, çıxışında vurğulayıb ki, regional ofis ICESCO-nun Qafqaz və Mərkəzi Asiyada mövcudluğunu gücləndirmək, eləcə də üzv dövlətlər arasında daha sıx əməkdaşlığa kömək etmək məqsədilə yaradılıb. 

“Bu ofis ICESCO-nun sadəcə struktur bölməsi deyil, həm də tamhüquqlu və güclü mərkəzdir. O, sizin təşkilatın baş qərargahı ilə bütün üzv ölkələr arasında birbaşa əlaqə yaradılmasına xidmət edir, milli planların həyata keçirilməsinə, təhsil, elm və mədəniyyətin inkişafına töhfə verir”, -deyə direktor qeyd edib.

O, həmçinin ofisin yaradılmasında göstərdikləri dəstəyə görə tərəfdaş ölkələr - Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstan hökumətlərinə minnətdarlığını bildirib.

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında qeyd edib ki, ICESCO-nun regional ofisinin açılması xüsusi əhəmiyyətə malikdir, çünki onun fəaliyyəti təhsil və mədəniyyətdən tutmuş informasiya texnologiyalarına qədər geniş sahələri əhatə edəcək.

Nazir müavini Azərbaycanın ənənəvi olaraq yüksək fəallıq göstərdiyi mədəniyyət sahəsinə də xüsusi diqqət yetiriləcəyini vurğulayıb. Onun sözlərinə görə, son illər ölkə mədəniyyət sahəsində beynəlxalq ekspertlərlə fəal əməkdaşlıq edir, çünki bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır. 

Fərid Cəfərov xatırladıb ki, ICESCO-nun Azərbaycanla əməkdaşlığı Qarabağı da əhatə edir. Bu fəaliyyət təkcə dövlət səviyyəsində deyil, həm də qeyri-hökumət təşkilatları və özəl sektorun iştirakı ilə həyata keçirilir.

Ötən il ICESCO beynəlxalq ictimaiyyətin dəstəyi ilə azərbaycanlı tərəfdaşlarla birgə həyata keçirilən layihənin təşəbbüskarı olub. Ekologiya məsələlərinə ayrıca layihə həsr olunmuşdu.

O, həmçinin xatırladıb ki, ICESCO Azərbaycanın işğaldan azad edilmiş ərazisi olan qədim Şuşa şəhərini 2024-cü ildə "İslam dünyasının mədəniyyət paytaxtı" elan edib.

“Bu müddət ərzində biz həm Şuşada, həm də Azərbaycanın digər bölgələrində bu əlamətdar hadisəni qeyd etmək üçün bir sıra beynəlxalq tədbirlər keçirmişik”, - deyə nazir müavini əlavə edib.

Sonra çıxış edən ICESCO-nun Beynəlxalq əməkdaşlıq sektorunun müdiri Anar Kərimov qeyd edib ki, Bakı ofisi zəngin və çoxşaxəli irsi ilə təşkilatın regionda “mayakı” olacaq. “Biz sülhə, qarşılıqlı hörmətə və gələcəyə can atmağa əsaslanan yeni əməkdaşlıq platformasının yaradılması barədə danışırıq”, -deyə o vurğulayıb.

A.Kərimov ICESCO-nun regional inteqrasiyanın təşviqi ilə bağlı üç təklifini təqdim edib. O bildirib: “Birincisi, biz ICESCO və digər tərəfdaşların dəstəyi ilə region ölkələrini birləşdirəcək vahid regional klasterin yaradılmasını təklif edirik. Bu klaster bir-biri ilə əlaqəli iki geniş sahəyə - mədəni irs, elm və innovasiya, iqlimə davamlılıq və kurrikulumun hazırlanmasına diqqət yetirəcək”.

O, həmçinin qeyd edib ki, Bakıdakı regional nümayəndəlik bu il iyulun 28-də mədəni irsin qorunması ilə bağlı regional seminar keçirəcək. Bu mühüm təşəbbüs həm maddi, həm də qeyri-maddi irsin qorunması və təşviqi yollarını müəyyən etmək üçün ekspertləri və qurumları bir araya gətirəcək. Təhsil, innovasiya, “yaşıl” elm, çoxdilli rəqəmsal məzmun və nəşriyyat sahəsində liderliyi ələ keçirmək, regionun bütün ölkələrindən institusional liderliyi və balanslaşdırılmış iştirakı təmin etmək üçün digər mərkəzlər də yaradılacaq.

Sonra ICESCO-nun Bakıdakı Regional ofisinin direktor müavini Məryəm Qafar-zadə çıxış edib. O, təşkilatın missiyasından danışıb və vurğulayıb ki, təşkilatın əsas məqsədi təhsil və elmin inkişafı, mədəni irsin qorunması, gənclərin və qadınların səlahiyyətlərinin artırılması, mədəni dialoq və ətraf mühitin mühafizəsi sahələrində milli potensialın gücləndirilməsinə yönəlmiş proqram və layihələrə çıxış vasitəsilə region ölkələrinin imkanlarını genişləndirməkdir. 

Tədbir çərçivəsində seminar iştirakçılarına ICESCO-nun yaranma tarixindən, təşkilata nə vaxt və hansı ölkələrin qoşulmasından, eləcə də onun qlobal kontekstdə əsas təşəbbüs və fəaliyyət istiqamətlərindən bəhs edən videoçarx nümayiş etdirilib.

Bu kontekstdə regional seminar Azərbaycan, Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstan arasında əməkdaşlığın gücləndirilməsi üçün səmərəli platformaya çevrilib.

Görüşün məqsədi regional inteqrasiyanı dərinləşdirmək və ICESCO-nun təhsil, elm və mədəniyyət vasitəsilə ölkələr arasında əlaqələri gücləndirmək missiyasını təşviq etməkdir.

Daha sonra seminar panel müzakirələri ilə davam edib. İştirakçı ölkələrin nümayəndələri təcrübə və fikir mübadiləsi aparıb, mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üzrə öz təkliflərini irəli sürüblər.

Seminar iştirakçıları regional tərəfdaşlığın gücləndirilməsi üçün konkret təşəbbüslər irəli sürərək, ümumi məqsədlərə nail olmaq üçün sıx qarşılıqlı fəaliyyətin və birgə səylərin vacibliyini vurğulayıblar.