İyulun 17-də klassik ədəbi irsimizin görkəmli tədqiqatçısı, Əməkdar elm xadimi, professor Xəlil Yusiflinin (1935–2022) anadan olmasının 90 illik yubileyi tamam oldu.
Bu münasibətlə Milli Kitabxanada “Əməkdar elm xadimi, professor Xəlil Yusifli – 90” adlı virtual və ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub.
Kitabxanadan verilən məlumata görə ki, virtual sərgidə rəsmi sənədlər, alimin tədqiqatları, yaradıcılığı haqqında dövri mətbuatda çap edilən məqalələr, fotolar nümayiş olunur.
Virtual sərgi ilə bu linkində tanış olmaq olar.
Ənənəvi sərgidə isə alimin əsərləri, monoqrafiyaları, müəllifi və həmmüəllifi olduğu dərslik və dərs vəsaitləri, transliterasiya və tərçümələri, elmi redaktor, tərtibçi və ön söz müəllifi olduğu kitablar, ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətlərindən bəhs edən ədəbiyyatlar nümayiş olunur.
***
Respublika Gənclər Kitabxanasında filologiya elmlər doktoru, professor, Nizami Gəncəvi ədəbi irsinin tədqiqatçısı, Əməkdar elm xadimi Xəlil Yusiflinin 90 illiyi münasibətilə “Klassik ədəbiyyatşünaslığımızın korifeyi” adlı məlumat bülleteni və videomaterial hazırlanıb.
Kitabxanadan verilən məlumata görə, hazırlanan vəsaitdə akademik Teymur Kərimlinin “Klassik ədəbiyyatşünaslığımızın korifeyi” və filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovun “Nəsillərin bəhrələndiyi elm ümmanı” adlı məqalələrin tam mətni yer alır. Məlumat bülletenində Xəlil Yusiflinin müəllifi olduğu əsərlərin, tərtib etdiyi, ön söz yazdığı, redaktə və tərcümə etdiyi, çapa məsul olduğu kitabların, yazıçının dövri mətbuatda dərc edilən yazılarının siyahısı təqdim edilir.
Kitabxananın rəsmi saytında yerləşdirilən vəsaitdə alimin “Dünya ədəbiyyatı tarixi. Antik dövr”, “Nizami və Şərq intibahı”, “Nizami Gəncəvinin şəcərə tarixi”, “Orta əsrlər Azərbaycan şeirində janrlar və bədii ifadə vasitələri”, “Məhcur Şirvani yeni təfəkkür işığında” kimi 50-dən çox kitabın biblioqrafik təsviri və qısa annotasiyası yer alır.
“Alim Xəlil Yusifli 90” adlı videomaterialda görkəmli alimin zəngin elmi fəaliyyəti haqqında məlumat verilir. Materialda qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının əsas tədqiqatçılarından biri olan Xəlil Yusiflinin elmi fəaliyyətinin əsas hissəsinin nizamişünaslığa həsr olunduğu diqqətə çatdırılır, onun çoxsaylı elmi məqalələri, “Nizaminin lirikası”, “Şərqdə intibah və Nizami Gəncəvi” adlı monoqrafiyaları bu məhsuldar əməyin mükəmməl nəticəsi olduğu bildirilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Xəlil Yusiflinin müxtəlif illərdə elmi fəaliyyətini əks etdirən foto və video görüntüləri də sərgilənir.