İyulun 12-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 2024-2025-ci illər mövsümünün son tamaşalarından biri – “Əliqulu bu gün evlənir” musiqili komediyası oynanıldı.

Görkəmli yazıçı-dramaturq Sabit Rəhmanın uzun illər müxtəlif teatrlarda tamaşaya qoyulan “Əliqulu evlənir” komediyası ötən il yeni ad, quruluş və janrda Musiqili Teatrının səhnəsinə qayıdıb.  

Xalq artisti İlham Namiq Kamalın libretto və quruluş müəllifi olduğu, baş rolu da özünün oynadığı tamaşanın premyerası sənətkarın 75 illiyi münasibətilə 2024-cü il dekabrın 19-da keçirilmişdi.

Səhnə əsərinin musiqi müəllifi mərhum bəstəkar, Əməkdar incəsənət xadimi Oqtay Rəcəbov, musiqi mətnlərinin müəllifi Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğludur.

Quruluşçu dirijor Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeyster Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeyster Əməkdar artist Nigar Şahmuradova, quruluşçu rəssam Əməkdar rəssam Nabat Səmədova, geyim üzrə rəssam Nübar Hüseynova, konsertmeyster Fidan Əliyevadır.

Tamaşada İlham Namiq Kamalın tərəf-müqabilləri – Əməkdar artistlər Əkbər Əlizadə, İqrar Salamov, aktyorlar Səmədzadə Xasiyev, Zemfira Əbdülsəmədova, Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Əliməmməd Novruzov, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Böyükxanım Məmmədova, Mehriban Rəcəbova, Əzizəxanım Kazımova, həmçinin teatrın xor və balet artistləri iştirak edirlər...

Məşhur əsərin səhnədə yenidən tamaşaçı ilə görüşməsi sənət bayramıdır. Üstəlik, əsər həm quruluş və bədii tərtibatı, həm də aktyor oyunu ilə baxımlı alınıbsa, bu, truppa üçün də, teatrsevərlər üçün də ikiqat bayramdır.

İkihissəli musiqili komediyanın ötən şənbə nümayişi bunu bir daha təsdiqlədi.

Bütün heyətin şövqlə oynadığı tamaşa sürəkli alqışlarla qarşılandı. Alqış sədaları ilə təkrar-təkrar səhnə önünə təzimə gələn truppa üzlərinə gül-çiçək təqdim edildi.

Amma gecə bununla bitmədi. Səhnəyə mikrofon gətirildi.

Əməkdar artist Əkbər Əlizadə tamaşaçıları bir neçə dəqiqə ayaq saxlamağa dəvət etdi və sözü teatrın direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirovaya verdi.

Vəfa Mühacirova zalı salamlayaraq diqqətə çatdırdı ki, tamaşadan sonra səhnəyə mikrofon gəlibsə, demək, xoş bir mərasim və təbrik sözləri var və teatrın daimi tamaşaçıları bu ənənəni yaxşı bilirlər.

Məlum oldu ki, budəfəki mərasimin səbəbkarı teatrın sevilən aktrisası, indicə başa çatan tamaşada Humay rolunu oynamış Rəsmiyyə Nurməmmədovadır. Aktrisa bu günlər yubileyini – 60 yaşını qeyd edir. 40 ilə yaxın yaradıcılıq həyatı olan Rəsmiyyə Nurməmmədova Musiqili Teatrda onlarla səhnə əsərində yaddaqalan rollar oynayaraq tamaşaçı rəğbəti qazanıb.

Vəfa Mühacirova yubilyara yeni sənət uğurları arzuladı və ona teatrın, eləcə də Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin adından fəxri fərman və gül dəstəsi təqdim etdi.

Rəsmiyyə Nurməmmədovaya daha bir təbrik Azərbaycan Teatr Xadimləri İttifaqı adından səsləndi. İttifaqın sədr müavini İlham Namiq Kamal aktrisaya xoş sözlərini bildirdi, ATXİ-nin sədri Xalq artisti Hacı İsmayılovun imzası ilə diplom və gül dəstəsi təqdim etdi.

Təbrik sözlərinə zalın gur alqışları qarışdı və bir sənət axşamı da bu xoş əhvalda başa çatdı...

P.S. Akademik Musiqili Teatr mövsümə iyulun 13-də "O olmasın, bu olsun" (Üzeyir Hacıbəyli) tamaşası ilə yekun vurub.

Yeni mövsümdə görüşənədək...

Vüqar Orxan