Mərakeşin Sahara bölgəsi ətrafında uzun illərdən bəri sürən mübahisənin həlli üçün təklif etdiyi muxtariyyət planı beynəlxalq müstəvidə dəstək qazanmaqda davam edir.
Mərakeş Krallığının Azərbaycan Respublikasındakı Səfirliyinin yaydığı məlumata görə, iyunun 1-də paytaxt Rabatda Mərakeş və Böyük Britaniya xarici işlər nazirlərinin görüşü bunu bir daha təsdiq edib.
“Biz Böyük Britaniyanın Mərakeşin Sahara bölgəsi ilə bağlı muxtariyyət planını regional mübahisənin həlli üçün ən etibarlı, mümkün və praqmatik əsas kimi dəstəkləməsi ilə bağlı son bəyanatını böyük məmnuniyyətlə qarşılayırıq. Bu mühüm mövqe iyunun 1-də Rabatda Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmiy və Mərakeşin xarici işlər naziri Nasser Bourita tərəfindən imzalanmış birgə kommunikedə ifadə olunub və kompromis, realizm, suverenliyə və ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslanan bir həll ətrafında beynəlxalq konsensusun artdığını təsdiqləyir”, – deyə Mərakeşin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adil Embarch media üçün bəyanatında bildirib.
Bəyanatda vurğulanır ki, bu artan dəstək Mərakeş Kralı VI Məhəmmədin 20 avqust 2022-ci il tarixli müraciətində səsləndirdiyi açıq və qəti çağırışa cavabdır: “Həmin müraciətdə Kral vurğulamışdı ki, “Sahara məsələsi Mərakeşin dünyaya baxış prizmasıdır və dostluqların səmimiliyinin, tərəfdaşlıqların səmərəliliyinin sadə və açıq meyarıdır”. Bu sözlər məsələnin Mərakeşin milli birliyi və xarici siyasəti üçün nə qədər əhəmiyyətli olduğunu, habelə BMT çərçivəsində ədalətli və realist həllə Krallığın sarsılmaz sadiqliyini əks etdirir”.
Səfirin bəyanatında o da diqqətə çatdırılır ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Böyük Britaniyanın dəstəyi, Birləşmiş Ştatlar, Fransa və İspaniya kimi digər aparıcı qlobal aktorların mövqelərini izləyir: “Bu ölkələr regionu yaxşı tanıdıqları üçün Mərakeşin Sahara üzərində suverenliyini tanıyır və 2007-ci ildə təqdim olunmuş Muxtariyyət Planını yeganə real və davamlı həll yolu kimi qəbul edirlər”.
Mərakeş səfiri həmçinin Böyük Britaniyanın UK Export Finance vasitəsilə Sahara bölgəsində inkişaf layihələrini dəstəkləmək niyyətini alqışladıqlarını bildirib: “Bu, Mərakeşin cənub bölgələrini Afrika qitəsində sosial-iqtisadi inkişaf və Cənub-Cənub əməkdaşlığı üçün qapıya çevirmə məqsədi ilə üst-üstə düşür”.