Türkiyənin Trabzon şəhərində “Yavuz Sultan Selim (Bilim, düşünce, sanat)” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransa Türkiyə, Azərbaycan, ABŞ, Kanada, İran, Macarıstan, Ukrayna, İordaniya və digər ölkələrdən alimlər qatılıblar.

Ölkəmizi AMEA-nın Tarix və Etnologiya İnstitutunun dosentləri Tofiq Nəcəfli, Mübariz Ağalarlı, Folklor İnstitutunun professoru Füzuli Bayat, Naxçıvan Dövlət Universitetinin dosenti Qalibə Hacıyeva təmsil ediblər.

Konfransda azərbaycanlı alimlərin “Çaldıran savaşı ərəfəsində Şah İsmayıl-Sultan Səlim əlaqələri: tarixi gerçəkliklər”, “Yavus Sultan Səlim dönəmində Osmanlı dövlətinin Səfəvi və Şeybani dövlətləri ilə diplomatik yazışmaları və məktublaşma dili, “Osmanlı-Səfəvi qarşıdurmasının gerçək səbəbləri üzərinə”, “Osmanlı imperiyası dövründə Qafqazda türk kökənli tarixi toponimlərin çağdaş dövrdə erməniləşdirilmiş variantları”, “Çaldıran savaşında inanc və iqtidarın vəhdəti: imperiyanın bütövlüyünün qorunmasında Yavuz Sultan Səlimin dini kimlik siyasəti” mövzusunda məruzələri dinlənilib.

Müzakirələr zamanı Azərbaycan alimləri tərəfindən Osmanlı-Səfəvi münasibətlərinin tarixşünaslığına yeni baxışın ortaya qoyulmasının vacibliyi və zəruriliyi vurğulanıb.

Konfrans çərçivəsində iştirakçılar Trabzon bölgəsinin füsunkar təbiəti, tarixi-memarlıq abidələri ilə tanış olublar. Trabzon bölgəsinə xüsusi rəng qatan İslamdan öncəki və Müsəlman-türk mədəniyyətlərinin harmoniyası xüsusilə maraq doğurub.