Tarixdəki olaylar

 

12 may 1920 – Azərbaycan Müvəqqəti İnqilab Komitəsi xalq məhkəmələrinin yaradılması haqqında dekret verib. Əksinqilab və təxribatçılığa qarşı mübarizə üçün Fövqəladə Komissiya və Ali İnqilabi Tribunal təsis edilib, həmçinin silki və mülki rütbələrin ləğv edilməsi barədə dekret verilib.

 

12 may 1994 – Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında saziş – “Bişkek protokolu” qüvvəyə minib. Tərəflər daha sonra beynəlxalq vasitəçilik sayəsində yekun sülh sazişi imzalamalı idilər. Amma ATƏT-in Minsk qrupu formatında 26 il sürən vasitəçilik nəticə vermədi və 2020-ci ildə Azərbaycan hərb yolu ilə torpaqlarını işğaldan azad etdi.

 

12 may 1995 – Azərbaycanla Venesuela (ölkəmizin müstəqilliyini 1992-ci il yanvarın 9-da tanıyıb) arasında diplomatik münasibətlər qurulub.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

12 may 1842 – Fransız bəstəkarı, lirik operaların müəllifi Jül Massne (Jules Massenet; 1842 – 13.8.1912) anadan olub. Əsərləri: “Verter”, “Tais” və s.

 

12 may 1907 – Amerika aktrisası Ketrin Hepbern (Katharine Hepburn; 1907 – 29.6.2003) anadan olub. Dörd dəfə “Oskar” mükafatına layiq görülüb.

 

12 may 1907 – Xalq artisti, bəstəkar və pedaqoq Səid Əli oğlu Rüstəmov (1907 – 10.6.1983) İrəvanda anadan olub. “Beşmanatlıq gəlin”, “Durna” və s. musiqili komediyalarının, populyar mahnıların (“Qurban adına”, “Oxu, gözəl!” və s.) müəllifidir. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru olub.

 

12 may 1915 – Xalq rəssamı, heykəltaraş İbrahim Əli oğlu Quliyev (1915 – 16.6.1971) Şəkidə doğulub. Azərbaycanın ilk peşəkar heykəltaraşlarından biridir, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü olub.

 

12 may 1940 – Əməkdar mədəniyyət işçisi, şair, tərcüməçi, ədəbiyyatşünas Abbas Abdulla (Hacaloğlu; 1940 – 4.9.2019) Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçi kəndində doğulub. Ukrayna ədəbiyyatından tərcümələr edib.

 

12 may 1940 – Əməkdar incəsənət xadimi, heykəltaraş Vaqif Osman oğlu Nəzirov (1940–2020) anadan olub. Sumqayıt şəhərinin baş rəssamı işləyib, “Sülh göyərçini” abidəsinin həmmüəllifidir.

 

12 may 1952 – Əməkdar artist Azər Əlbaba oğlu Mirzəyev (1952 – 19.7.2014) Zərdab rayonunun Əlvənd kəndində doğulub. Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışıb, Milli Dram Teatrının direktor müavini olub.

 

12 may 2005 – Xalq artisti, məşhur xanəndə Sara Bəbiş qızı Qədimova (31.5.1922 – 2005) vəfat edib. Azərbaycan Dövlət Filarmoniyasının, Opera və Balet Teatrının solisti olub.

 

12 may 2011 – Görkəmli rejissor, aktyor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu (Həsənov; 18.10.1949 – 2011) vəfat edib. Yuğ Dövlət Teatrının yaradıcısı olub.

Hazırladı: Vüqar Orxan