Paytaxtdakı "QGallery” qalereyasında türkiyəli rəssam Ayfer Akbaşoğlunun “İnsan hekayələri” adlı sərgisi açılıb. Aprelin 18-də açılışı olan sərgi Qərbi Azərbaycan İcması tərəfindən təşkil edilib.
Tədbirdə çıxış edən rəssam Ayfer Akbaşoğlu sərginin onun yaradıcılığında maraqlı iz qoyacağını bildirib. Onun sözlərinə görə, rəsmlərin hər biri həyat hekayəsidir.
Sərginin kuratoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov diqqətə çatdırıb ki, sərgidə 40-a yaxın əsər nümayiş olunur. İnsan hisslərinin ifadəsi olan bu rəsmlər Qərbi Azərbaycan məsələsinin aktuallığını qoruması baxımından da əhəmiyyətlidir.
Qərbi Azərbaycan İcması İdarə heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, sərginin “İnsan hekayələri” adlandırılması təsadüfi deyil. Bu, Qərbi Azərbaycandan zorla çıxarılan həmvətənlərimizə həsr olunub. Burada əsas mesaj – hər birinin öz taleyi, öz yolu olan insanların ümumi arzusu olan qayıdış hüququdur. Sərgidəki əsərlər məhz onların məcburi köçkünlüyü və doğma torpaqlara qayıdış arzusuna həsr olunub.
Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Xalq rəssamı Natiq Əliyev də bu mövzunun çox vacib olduğunu söyləyib: “Mən çox şadam ki, Türkiyədən olan həmkarımız Qərbi Azərbaycan məsələsinə toxunub və bu həqiqətləri sənət dili ilə çatdırıb”.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.
Sərgi aprelin 24-dək davam edəcək.