Aprelin 11-də Bakı Yunus Əmrə İnstitutunda (Türkiyə Mədəniyyət Mərkəzi) Ankara Bilkent Şəhər Xəstəxanası əməkdaşlarının "Moral" sənət emalatxanasında hazırladıqları əsərlərdən ibarət “Səhiyyəçi rəssamlar" adlı sərgi açılıb.
Sərgidə Anadolu mədəniyyətini, təbiətini və insan həyatını əks etdirən rəngarəng kompozisiyalar nümayiş etdirilib.
Sərgi iştirakçılarından Ankara Bilkent Universitetinin tibb bacısı Səma Efe 35 yaşında xərçəng xəstəliyinə tutulduğunu, bu xəstəliklə mübarizə apararkən rəsm kurslarına getməyə başladığını və beləcə rəsmin onun həyatının bir parçasına çevrildiyini bildirib.
“İş saatından sonra bir yerə toplanıb rəsmlər çəkirik. Bu rəsmləri yaratdıqdan sonra isə Anadolu mədəniyyətimizi səhiyyə işçilərinin fırçaları vasitəsilə bütün dünyaya tanıtmaq kimi əsas məqsədimiz olan işi görürük. İndiyə qədər bir çox ölkəyə səfər etmişik, 50-100 nəfərlik qruplarla davamlı olaraq gedib sərgilər açırıq. Bu gün burada 40-a yaxın rəsm əsəri nümayiş etdirilir”, – deyə o qeyd edib.
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün çıxışında musiqi, rəqs və idmanın universal xarakter daşıdığını və insanları bir araya gətirmək gücünə malik olduğunu bildirib. Onun sözlərinə görə, bunları daha da mənalı edən şey bizim öz ənənələrimizdə, mədəniyyətimizdə, insani dəyərlərimizdə axtarıb tapdığımız və dünyaya təqdim etdiyimiz elementlərdir.
“Sənətə, musiqiyə, ədəbiyyata və mədəniyyətə baxanda Bakı həqiqətən də çox gözəl bir məkandır. Burada hər sahədə çox uğurlu rəssamlar, musiqiçilər var. Çox canlı bir mədəniyyət həyatı mövcuddur. Bu səbəbdən burada olmaq çox qiymətlidir”, – deyə səfir diqqətə çatdırıb.
Sonra sərgiyə baxış keçirilib.
Nümayiş olunan əl işlərində Azərbaycana aid motivlər və elementlər də yer alıb. Səhiyyəçi rəssamlar iki ölkənin ortaq mədəniyyətini və ənənələrini birləşdirərək, həm Anadolu, həm də Azərbaycan təbiətinin gözəlliklərini, adət-ənənələrini və folklorunu izah edən kompozisiyalar da hazırlayıblar.