Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 30-dək Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) bu il də “Sənət inciləri” layihəsi ilə festivala öz töhfəsini verəcək.
MEMİM-dən verilən məlumata görə, mühazirə və konsertlərdən ibarət layihə çərçivəsində ADA və Xəzər universitetlərində tədbirlər təşkil olunacaq.
Ötən festival günlərində uğurla həyata keçirilən layihə dahi bəstəkar, Şərqdə ilk operanın yaradıcısı, musiqişünas, publisist, dramaturq və pedaqoq, akademik Üzeyir Hacıbəylinin musiqi mədəniyyətimizə bəxş etdiyi əbədiyaşar əsərlərin və peşəkar musiqinin geniş xalq kütlələri arasında təbliği sahəsində göstərdiyi böyük xidmətlərin xüsusilə gənc nəslin diqqətinə çatdırılması məqsədi daşıyır.
Mühazirə-konsertlərin ilki sentyabrın 22-də ADA Universitetində, ikincisi isə sentyabrın 28-də Xəzər Universitetində keçiriləcək. Tədbirlərdə alim və mütəxəssislər tərəfindən Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı ilə bağlı mühazirələr təqdim olunacaq. Eyni zamanda Beynəlxalq Muğam Mərkəzinin C.Cahangirov adına Xor kollektivi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələrinin ifasında dahi bəstəkarın sənət inciləri səsləndiriləcək.
Qeyd edək ki, ötənilki festival çərçivəsində MEMİM-in “Sənət inciləri” layihəsi çərçivəsində Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında mühazirə-konsertlər reallaşdırılıb.



















