Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Samuel Bekketin “Qodo intizarında” pyesi əsasında hazırlanan “Qodo həsrətində” adlı tamaşanın məşqləri davam edir.

Teatrdan verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Əməkdar artist Şövqi Hüseynov, səhnə tərtibatçısı Zaur Abasov, səs rejissoru Zaur Rəşidov, işıq üzrə rəssamı Vadim Kuskov, rejissor assistenti Nəsibə Canəliyevadır.

Premyerası oktyabr ayına nəzərdə tutulan səhnə əsərində Əməkdar artistlər Şövqi Hüseynov, Elnur Bəhramxan, aktyorlar Kərəm Hadızadə, Nurlan Süleymanlı, Hüseyn Bayramov, Lalə Qarayeva iştirak edirlər.

Əsərin əsas qəhrəmanları olan iki avara – Vladimir (Didi) və Estraqon (Qoqo) bütün problemlərini həll edəcək Qodonu gözləyirlər. Onlar çarəsizdirlər. Bu acınacaqlı həyatın uzun müddət davam etmə ehtimalı, qorxu və ümidsizlik onları dəfələrlə təhlükəli addımlar atmağa sövq edir.

Qodonu gözləmək Tanrıya (ingiliscə “God”) inamın bir formasıdır, həyatın xaosunda bir növ sığınacaq tapmaq cəhdidir.

Qodo kimdir? Bekket özü bu suala heç vaxt birbaşa cavab verməyib. O, "Bilsəydim, pyesdə yazardım" demişdi...

***

Qeyd edək ki, görkəmli irland yazıçı-dramarturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1969), "absurd teatr"ın yaradıcılarından olan Samuel Bekketin məşhur pyesi bundan öncə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında və Naxçıvan Dövlət Milli Dram Teatrında səhnə həyatı qazanıb.