Tarixdəki olaylar

 

8 avqust 1991 – Ermənistan ərazisində azərbaycanlıların sonuncu yaşayış məntəqəsi – Mehri rayonunun Nüvədi kəndi yerli silahlı dəstələrin hücumu nəticəsində talan edilib. Ermənilər kəndin əhalisini zorla deportasiya ediblər. Ermənistandakı azərbaycanlı əhaliyə qarşı 1988-ci ildə başlanan etnik təmizləmə sona çatıb.

 

8 avqust 2008 – Gürcüstanla Rusiya arasında müharibə başlanıb. Prezident Saakaşvilinin separatçı Cənubi Osetiyada ölkənin suverenliyini bərpa etmək üçün əraziyə qoşun yeridib. Bundan sonra Rusiyanın bölgədəki hərbi kontingenti separatçıların tərəfində hərbi əməliyyata qoşulub. Beş gün sürən müharibədə ruslar gürcüləri Cənubi Osetiyadan çıxarıb, həmçinin Gürcüstanın digər ərazilərinə daxil olublar. Avropa liderlərinin vasitəçiliyi ilə müharibə dayandırılıb. Gürcüstan Cənubi Osetiya və Abxaziya üzərində nəzarəti tamamilə itirib, Rusiya hər iki bölgəni “dövlət” kimi tanıyıb. 

 

8 avqust 2025 – Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Onların şahidliyi “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətni iki ölkənin xarici işlər nazirləri tərəfindən paraflanıb. Həmçinin ABŞ, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünə dair Birgə Bəyannamə (“Vaşinqton Bəyannaməsi”) imzalanıb. Azərbaycan və Ermənistan arasında real sülhün təməli qoyulub.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

8 avqust 1928 – Rusiyanın Xalq artisti Nina Menşikova (1928 – 26.12.2007) anadan olub. Çəkildiyi filmlər: “Əsgər haqqında ballada”, “Qızlar” və s.

 

8 avqust 1936 – Tarixçi alim, AMEA-nın müxbir üzvü Fəridə Cəfər qızı Məmmədova (1936 – 8.12.2021) Şirvan şəhərində anadan olub. Qafqaz Albaniyası və Azərbaycanda xristianlığın tarixinə dair tədqiqatların müəllifidir.

 

8 avqust 1943 – Şair, tərcüməçi, ədəbiyyatşünas Ənvər Əhməd (Ənvər Misir oğlu Əhmədov; 1943 – 17.2.2022) Ağcabədi rayonunda anadan olub.

 

8 avqust 1948 – Görkəmli kinoaktyor, Xalq artisti, Dövlət mükafatı laureatı Rasim Əhməd oğlu Balayev (1948 – 29.3.2026) Ağsu rayonunda doğulub. Yaratdığı obrazlar qalereyası ilə milli kinoya böyük töhfələr verib. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri (2022–2026) olub.

 

8 avqust 1952 – Tanınmış azərbaycanlı arxeoloq, etnoqraf Davud Mikayıl oğlu Şərifov (1885–1952) vəfat edib. Qəbələ qədim şəhər yerinin ilk arxeoloji ekspedisiyasının rəhbəri olub.

 

Hazırladı: Vüqar Orxan