12-23 may tarixlərində keçirilən 79-cu Kann Film Festivalına yekun vurulub. Bağlanış mərasimində mükafatçılar elan olunub.
Festivalın baş mükafatı – “Qızıl palma budağı” rumıniyalı kinorejissor Kristian Munqiuya (“Fjord” filmi) verilib. Onun filmi Norveçə, fyord (uzun və ensiz körfəz) sahilində kiçik bir şəhərə köçən rumıniyalı dindar (evangelist) ailədən bəhs edir.
Kann festivalının ikinci mükafatı olan “Qran-pri”ni (“Gümüş palma budağı”) Fransada yaşayan rusiyalı rejissor Andrey Zvyagintsev (“Minotavr” filmi) qazanıb.
Dərəcəsinə görə üçüncü sayılan “Jüri mükafatı”na isə almaniyalı rejissor Valeska Qrizebax (Grisebach) “Arzunun macəraları” filminə görə layiq görülüb.
Nominasiyalara gəlincə, “Ən yaxşı kişi rolu” mükafatını “Qorxaq” filmindəki roluna görə Emmanuel Maççia və Valentin Kampan bölüşüblər.
“Ən yaxşı qadın rolu” mükafatı “Qəfil” filmində (yapon rejissor Ryusuke Hamaquti) oynayan Virjini Efira və Et Tao Okamotoya təqdim olunub.
“Ən yaxşı rejissor” nominasiyasında polşalı rejissor Paveł Pavlikovski (“Vətən” filmi) ilə ispaniyalı Javier Kalvo və Javier Ambrossi (“Qara kürə” filmi) mükafata layiq görülüblər.
79-cu Kann Fiım Festivalının beynəlxalq münsiflər heyətinə Cənubi Koreya rejissoru Pak Çan-Uk (Paark Chan-wook) rəhbərlik edib.
Festivalın təşkilatçıları tərəfindən dünya kinosuna töhfələrə görə verilən ənənəvi fəxri “Qızıl palma budağı” ilə bu dəfə üç sənətkar – amerikalı aktyor, rejissor Con Travolta, amerikalı aktrisa, müğənni Barbra Streizand və Yeni Zelandiya rejissoru Peter Cekson təltif olunublar.
Vüqar Orxan
























