Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə aprelin 29-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Azərbaycan mədəniyyətinin inkişafında folklorun əhəmiyyəti” mövzusunda elmi-praktik seminar keçirilib.
MEMİM-dən verilən məlumata görə, seminar Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gəncə Bölməsi və F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının dəstəyi ilə təşkil olunub.
MEMİM-in direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov çıxış edərək xalq yaradıcılığı, müxtəlif folklor janrlarının milli mədəniyyətin inkişafında mühüm rol oynadığını bildirib.
Qeyd olunub ki, seminarın məqsədi milli mədəniyyətin formalaşmasında folklor qaynaqlarının əhəmiyyətini diqqətə çatdırmaq, zəngin xalq yaradıcılığının təbliği və gələcək nəsillərə ötürülməsi yollarının müzakirə edilməsidir. Bildirilib ki, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında da folklorun mədəni irsin tərkib hissəsi kimi təbliği və qorunmasının vacibliyi xüsusi vurğulanır.
Diqqətə çatdırılıb ki, MEMİM tərəfindən Azərbaycan folklorunun qorunması, təbliği ilə bağlı müxtəlif səpkili tədbir və layihələr həyata keçirilir.
Vüqar Hümbətov seminarın təşkilinə yaradılan şəraitə görə Gəncə Dövlət Filarmoniyasın rəhbərliyinə və dəstək göstərən qurumlara təşəkkürünü bildirib. MEMİM adından filarmoniyaya üzərində görkəmli bəstəkar Fikrət Əmirovun təsviri olan kiçik xalça hədiyyə edilib.
Sonra AMEA Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarovun “Gəncənin folklor antologiyaları”, bölmənin nəzdində fəaliyyət göstərən Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi pedaqogika üzrə fəlsəfə doktoru, dosent Aləmzər Tağıyevanın “Nizami irsində folklor qaynaqları”, Bakı Dövlət Universiteti “Dədə Qorqud” elmi laboratoriyasının müdiri filologiya üzrə fəlsəfə doktoru, “Nənə qızlar” folklor ansamblının rəhbəri Almara Nəbiyevanın “Azərbaycan folklorunun təbliğində bədii kollektivlərin rolu” və AMEA Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri sənətşünaslıq elmləri doktoru, professor Nailə Rəhimbəylinin “Azərbaycan bəstəkarlarının yaradıcılığında folklordan istifadə məsələləri” mövzularında məruzələri dinlənilib.
MEMİM-in əməkdaşı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının moderator olduğu seminarda məruzələr arası musiqi və rəqs nömrələri təqdim olunub.
Gəncə Dövlət Filarmoniyasının solistləri, Göygöl rayon Mədəniyyət Mərkəzi Qırıqlı kənd Folklor evinin “Haxışta” qrupu, Gəncə Dövlət Universiteti nəzdində Regional Kollecin Qəmbər Hüseynli adına instrumental ansamblı çıxış edib. Ağdamın “Nənə qızlar” folklor ansamblının videoformatda ifasının təqdimatı və Azərbaycan Bəstəkarlar İttifaqı Gəncə bölməsinin rəhbəri bəstəkar Məmməd Cəfərovun pianoda ifası da tədbirə rəng qatıb.



























