Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə bu il ikincisi təşkil edilən “Zəkaların mübarizəsi” bilik olimpiadasının regionlar üzrə mərhələləri davam edir.

Respublika olimpiadasının Dağlıq Şirvan regionu üzrə mərhələsi Şamaxıda keçirilib.

Tədbirin açılışına rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyubova, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi səlahiyyətlərini icra edən Şəhriyar Soltan, digər rəsmilər qatılıblar.

Şamaxı şəhər Uşaq-gənclər inkişaf mərkəzinin şagirdləri musiqi və rəqs kompozisiyaları ilə təqdim ediblər.

Bilik yarışında region üzrə təhsil sektorundan IX-XI sinif şagirdlərindən ibarət komandalar riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, mədəniyyət və incəsənət sahələrinə aid sualları cavablandırıblar.

“Zəkaların mübarizəsi” olimpiadasının əsas məqsədi ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərdə fənlərin dərindən öyrənilməsinə marağın artırılması, onların dünyagörüşünün genişləndirilməsi, müxtəlif regionlardan olan şagirdlər arasında dostluq əlaqələrinin qurulmasıdır.

Yarışın yekun nəticəsinə əsasən, İsmayıllı rayonunu komandası region mərhələsinin qalibi olub. Komanda “Zəkaların mübarizəsi” olimpiadasının respublika mərhələsində Dağlıq Şirvan regionunu təmsil edəcək.