Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Bakı Uşaq və Gənclər Teatrı 2025-ci ildə şanlı Qələbənin 5 illiyi şərəfinə başlatdığı “Addım-addım Vətəndə” layihəsini davam etdirir.

Teatr layihə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrindəki teatr kollektivləri ilə əməkdaşlıq edərək “açıq qapı” prinsipi ilə tamaşalar göstərir, tədbirlər keçirir.

Aprelin 8-də Bakı Uşaq və Gənclər Teatrı Şəkidə qonaq olub. Şəki Dövlət Dram Teatrında iki yaradıcı kollektivin birgə sənət axşamı keçirilib.

Sənətsevərlərə Şəki Dövlət Dram Teatrının repertuarından “Varlı qadın” və “O uzaq axşam” tamaşalarından parçalar göstərilib.

"Varlı qadın" Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin eyniadlı pyesi, "O uzaq axşam..." isə Xalq yazıçısı Anarın "Gürcü familiyası" hekayəsi əsasında səhnələşdirilib. Hər iki tamaşaya rejissor Elvin Nuri quruluş verib.

Bakı Uşaq və Gənclər Teatrı həmkar teatrın səhnəsində Azərbaycan xalq nağılı əsasında Əməkdar artist İntiqam Soltan tərəfindən hazırlanmış "Göyçək Fatma" tamaşasını nümayiş etdirib. Rollarda Niyaz İlyasoğlu, Sovqat Səmədova, Könül Şahbazova, Fatimə Qasımova, Fidan Əliyeva, Niyaz Novruzov çıxış ediblər.

Qonaq kollektiv xalq nağılı əsasında hazırlanan "Şəngülüm, Şüngülüm, Məngülüm" tamaşasını (rejissorlar Mehman Piriyev və Rauf Huseynli) da Şəki səhnəsində təqdim edib.

Bundan başqa, Tofiq İsgəndərlinin ifasında illüziya nömrələri nümayiş etdirilib.

Qeyd edək ki, Şəki Bakı Uşaq və Gənclər Teatrının “Addım-addım Vətəndə” layihəsinin  səkkizinci ünvanı olub.