Tarixdəki olaylar
3 aprel 1948 – ABŞ Konqresi “Marşall planı”nı qəbul edib. Dövlət katibi Corc Marşallın müəllifi olduğu plan II Dünya müharibəsində iqtisadiyyatı iflas etmiş Avropa ölkələrinə maliyyə yardımı nəzərdə tuturdu. SSRİ sosialist təmayüllü ölkələrin (Şərqi Avropa) yardım almasına imkan vermədi. 4 il ərzində Qərbi Avropa (17 ölkə) iqtisadiyyatının dirçəldilməsinə 13 milyard dollar (ABŞ-də o dövr üçün ÜDM-in 5 faizi həcmində) vəsait ayrıldı.
3 aprel 2001 – ABŞ-nin Ki Vest şəhərində (Florida ştatı) Azərbaycan-Ermənistan danışıqları öncəsi Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsinin tarixi ilə bağlı rəsmi bəyanat yayıb. Sənəddə ilk dəfə olaraq Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı qeyd olunurdu. ABŞ dövlət katibi Kolin Pauellin təşəbbüsü ilə keçirilən Ki Vest sammiti nəticəsiz bitdi.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
3 aprel 1908 – Azərbaycanın ilk akademik-filosofu Heydər Nəcəf oğlu Hüseynov (1908 – 15.8.1950) İrəvanda doğulub. Fəlsəfi və ədəbi fikir tariximizə dair tədqiqatların müəllifidir. Əsərləri iki dəfə Stalin mükafatına layiq görülsə də, əleyhdarları onu millətçilikdə ittiham edərək əleyhinə kampaniya başladıblar. Bu qaralama kampaniyasına dözməyərək intihar edib.
3 aprel 1918 – Ukrayna yazıçısı Oles (Aleksandr) Qonçar (1918 – 14.7.1995) anadan olub. “Bayraqdarlar”, “İnsan və tüfəng”, “Məhəbbət sahili” və s. romanların müəllifidir.
3 aprel 1922 – Tarixçi və arxeoloq, dünyanın ən qədim insan məskənlərindən olan Azıx paleolit düşərgəsinin ilk tədqiqatçısı Məmmədəli Murad oğlu Hüseynov (1922 – 5.7.1994) Qazax rayonunun Molla Cəfərli kəndində anadan olub.
3 aprel 1924 – Amerika aktyoru Marlon Brando (1924 – 1.7.2004) anadan olub. Filmləri: “Limanda” (“Oskar”, 1954), “Xaç atası” (“Oskar”, 1972) və s.
3 aprel 1946 – İspaniyalı teatr və kino aktrisası Marisa Paredes (1946 – 17.12.2024) anadan olub.
3 aprel 1962 – Əməkdar artist Namis Xanmirzə oğlu Şirməmmədov (1962 – 12.4.2024) Ağsu rayonunda doğulub. Sumqayıt Dövlət Dram Teatrının rejissoru olub.
3 aprel 2008 – Əməkdar artist Şəfiqə Qasım qızı Qasımova (5.12.1924 – 2008) vəfat edib. Musiqili Komediya, Opera və Balet teatrlarında çalışıb, filmlərdə çəkilib.
Hazırladı: Vüqar Orxan























