Muğam Azərbaycan mədəniyyətinin və musiqi sənətinin zəngin səhifəsi olmaqla yanaşı, milli mədəni irsimizi dünyada tanıdan dəyərdir. Təsadüfi deyil ki, Azərbaycanın qeyri-maddi mədəniyyətinin dünya incəsənəti xəzinəsinə daxil olan ilk nümunəsi muğam olub.
2003-cü ildə UNESCO Azərbaycan muğamını “Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri” sırasına daxil edib. 2008-ci ildə “Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiya” (2003) qüvvəyə mindi və onun əsasında UNESCO-da “Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı” (Representative List of the Intangible Cultural Heritage of Humanity) tərtib edilməyə başlanıldı. Azərbaycan muğamı da siyahıda ilk olaraq öz yerini tutdu.
Muğam musiqi sənəti kimi Yaxın və Orta Şərq mədəniyyətlərində əsrlərlə yayılıb və hər mədəniyyətdə müxtəlif adlarla adlandırılıb: məqam, makam, makom və s. Həmçinin hər ölkənin (xalqın) muğam sənətində özünəməxsus cəhətlər, o cümlədən qrup (heyət) halında ifa zamanı alət və ifaçı sayında, ifaçıların milli tərzdə geyimində və s. fərqlər var.
Azərbaycan muğamı əsasən üçlük (xanəndə, tarzən, kamançaçı), bəzən isə (nağara və milli nəfəs aləti əlavə edilməklə) dörd və ya beş ifaçının iştirakı ilə təqdim olunur.
Muğam Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı UNESCO-nun müvafiq siyahılarında yer alan 24 nümunədən biri və qeyd etdiyimiz kimi, birincisidir.
Bu barədə UNESCO-nun portalında müvafiq bölmədə ətraflı məlumat var. Həmin bölmədə Azərbaycan muğamı barədə mətni dünyaca məşhur sənətkar Alim Qasımovun ifası ilə bağlı video, eləcə də instrumental ifa fotoları müşayiət edir.
UNESCO siyahısındakı qeyri-maddi mədəni irsi nümunələrimiz haqqında UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının rəsmi saytında da iki dildə (azərbaycanca, ingiliscə) məlumat və fotolar yer alıb.
Amma və lakin... Azərbaycan muğamı haqqında mətnin fotosunun (!) Azərbaycana aidiyyəti yoxdur.
Əsas səhifədə təqdim olunan fotoda dörd ifaçı təbiət qoynunda, çəmənlikdə oturub çalıb-oxuyurlar.
Amma aralarında tarzən yoxdur... Çalğıçıların geyiminə gəldikdə isə...
Təbii ki, UNESCO üzrə Milli Komissiyanın saytındakı bu yanlışlıqla bağlı əlaqə saxlayıb bir açıqlama almaq istədik.
Saytın əlaqə bölməsindəki telefon nömrələri:
994 77 344 52 318
994 77 545 23 185
Lakin... zəng etmək mümkün deyil. Azərbaycanda telefon nömrələri maksimum yeddi rəqəmdən (ölkə-şəhər və operator kodundan savayı) ibarət olur. Burda isə səkkiz rəqəm qeyd olunub.
Odur ki, buradan yazıb soruşmaq istədik: Bu fotodakı “dördlük” hansı muğamı ifa edir?
Sual heç də ritorik deyil...
Vüqar Orxan






















