Fevralın 9-da Beynəlxalq Muğam Mərkəzində (BMM) dahi özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin (1441–1501) anadan olmasının 585 illiyinə həsr edilən ədəbi-bədii gecə keçirilib.

BMM-nin direktoru Əməkdar artist, Özbəkistanın Mədəniyyət elçisi Sahib Paşazadə tədbirdə çıxış edərək Azərbaycan-Özbəkistan dostluq əlaqələrindən söz açıb. Bu münasibətlərin dostluq və qardaşlıq əsasında inkişaf etdiyini söyləyən direktor bu əlaqələrdə mədəni əməkdaşlığın rolunu, xalqlarımızı birləşdirən ortaq mədəni irsin müsbət təsirini xüsusi qeyd edib Diqqətə çatdırıb ki, Beynəlxalq Muğam Mərkəzinin Özbəkistanın musiqi, elm və təhsil müəssisələri ilə uğurlu əməkdaşlıq əlaqələri var. Bu əlaqələr ildən-ilə daha da genişlənir.

Vurğulanıb ki, Əlişir Nəvai lirik-romantik, realist-tarixi, fəlsəfi-təsəvvüf və elmi-nəzəri əhəmiyyətə malik ölməz əsərlərin müəllifi kimi dünya klassikləri sırasında özünəməxsus yer tutur. Əlişir Nəvainin 585 illiyi münasibətilə təşkil edilən sənət axşamında BMM-nin solistləri mütəfəkkir şairin  qəzəllərindən ən gözəl nümunələri Azərbaycan muğamsevərlərinə təqdim edəcəklər.

Yazıçı-dramaturq İlqar Fəhminin aparıcılığı ilə keçən gecədə bildirilib ki, Əlişir Nəvai özbək ədəbiyyatının dünya mədəniyyətinə bəxş etdiyi ən qüdrətli simalardan biridir. Mütəfəkkirin əsərlərində Türk dünyası xalqlarının ədəbiyyatı, mənəvi dəyərləri geniş və dərin şəkildə öz əksini tapır. Nəvainin “Xəmsə”si yalnız özbək ədəbiyyatında deyil, bütün türkdilli xalqlar ədəbiyyatında ana dilində ilk “Xəmsə” kimi çox qiymətlidir. Onun əsərləri bir sıra xalqların dillərinə tərcümə olunub, əlyazmaları dünyanın ən iri kitabxanalarında mühafizə olunur.

Elm və mədəniyyət xadimlərinin iştirak etdiyi tədbirdə Əlişir Nəvainin qəzəllərindən ibarət muğamlar böyük maraqla qarşılanıb.

Gecədə xanəndələr Sərxan Bünyadzadə, Elgiz Əliyev, Nisbət Sədrayeva, Aytac Bəybalayeva və Rəvan Qaçayev instrumental heyətin müşayiəti ilə çıxış ediblər. 

Bədii qiraətçilər Hüseynağa Aslanov və Səmray Əliyeva şairin ədəbi nümunələrindən parçalar səsləndiriblər.