Tarixdəki olaylar
4 fevral 1945 – SSRİ (İosif Stalin), ABŞ (Franklin Ruzvelt) və Britaniya (Uinston Çörçill) liderlərinin iştirakı ilə Yalta Konfransı (Krım) başlanıb. Fevralın 11-dək davam edən konfransda II Dünya müharibəsinin gözlənilən yekunları müzakirə edilib. Almaniyanın kapitulyasiyasından sonra ölkənin 4 zonaya (4-cü Fransanın zonası oldu) ayrılması, SSRİ-nin Yaponiyaya qarşı müharibəyə başlaması və Koreya yarımadasının 38-ci paralel üzrə bölünməsi razılaşdırılıb. Şimali Koreya SSRİ-nin, Cənubi Koreya ABŞ-nin nəzarətinə keçməli idi.
4 fevral 1948 – Britaniyanın müstəmləkəsi olan Seylon adası müstəqilliyini elan edib. 1972-ci ildən Şri-Lanka Respublikası adlanır.
4 fevral 1954 – Azərbaycanda ən iri su elektrik stansiyası – Kür çayı üzərində Mingəçevir SES istifadəyə verilib. İnşası 1945-ci ildə başlanan Mingəçevir SES Cənubi Qafqazda ən iri su elektrik stansiyasıdır. Stansiyanın işə salınması ilə respublikanın yeni sənaye mərkəzinin – Mingəçevir şəhərinin təməli qoyulub.
4 fevral 1985 – BMT-nin işgəncələrin qadağan olunması haqqında konvensiyası qüvvəyə minib. 4 fevral dünyada “İşgəncələr əleyhinə gün” kimi qeyd olunur.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
4 fevral 1873 – Rus yazıçısı Mixail Mixayloviç Prişvin (1873 – 16.1.1954) anadan olub.
4 fevral 1915 – İngilis aktyoru, “mister Pitkin” haqqında kinokomediyalarda baş rolun ifaçısı Norman Uizdom (Norman Joseph Wisdom; 1915 – 4.10.2010) anadan olub.
4 fevral 1945 – Əməkdar rəssam Fərman Səməd oğlu Qulamov (1945 – 23.12.2016) Astara rayonunda doğulub. Əsərləri Moskvada Tretyakov Qalereyasında, Şərq Xalqları İncəsənət Muzeyində saxlanılır. Dövlət Rəssamlıq Akademiyasının müəllimi olub.
4 fevral 1982 – Xalq artisti, teatr rejissoru, aktyor İbrahim (Miribrahim) Tağı oğlu Həmzəyev (25.12.1908 – 1982) vəfat edib. 1937-ci ildən Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb, teatrın direktoru, baş rejissoru olub.
4 fevral 2025 – Filologiya elmləri doktoru, AMEA Əlyazmalar İnstitutunun baş elmi işçisi Nəzakət Fətəli qızı Məmmədli (25.12.1971 – 2025) vəfat edib.
Hazırladı: Vüqar Orxan























