Tarixdəki olaylar
3 sentyabr 1826 – Şəmkir ətrafında ikinci Rusiya-İran müharibəsinin (1826–1828) ilk döyüşü baş verib. Şahzadə Abbas Mirzənin başçılıq etdiyi İran qoşunları məğlubiyyətə uğrayıb.
3 sentyabr 1991 – Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyasında təşkilati məsələyə baxılıb. Deputatların yekdil qərarı ilə xalq deputatı Heydər Əliyev Ali Məclisin sədri seçilib. Heydər Əliyev 1993-cü ilin iyununadək muxtar respublikaya rəhbərlik etdi.
3 sentyabr 1993 – Milli Məclis Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olması barədə qərar qəbul edib. Azərbaycanın quruma qoşulması həmin il sentyabrın 24-də MDB-nin Moskva sammitində rəsmiləşdi.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
3 sentyabr 1883 – Rus yazıçısı İvan Sergeyeviç Turgenev (9.11.1818 – 1883) vəfat edib. Əsərləri: “Atalar və oğullar”, “Ərəfə”, “Zadəgan yuvası”, “Rudin” romanları, “Ovçunun qeydləri” hekayələr toplusu” və s.
3 sentyabr 1927 – Belarus yazıçısı Ales (Aleksandr) Adamoviç (1927 – 26.1.1994) anadan olub. Əsərləri: “Partizanlar”, “Xatın povesti”, “Sonuncu məzuniyyət”, “Blokada kitabı”.
3 sentyabr 1931 – Xalq rəssamı Oqtay Yusif oğlu Şıxəliyev (1931 – 31.1.2012) Bakıda doğulub. Müxtəlif janrlarda əsərlər yaradıb, Azərbaycanın ilk professional monumentalist rəssamlarından biridir. Tabloları Fransada, Almaniyada şəxsi kolleksiyalarda saxlanılır.
3 sentyabr 1951 – Görkəmli aktyor, Xalq artisti, Dövlət mükafatı laureatı Yaşar Məmmədsadıq oğlu Nuri (1951 – 22.11.2012) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Televiziya tamaşalarında, kinoda (“Yol əhvalatı”, “Tənha narın nağılı”, “Yaramaz”, “Bəyin oğurlanması”, “Qətl günü”) yaddaqalan obrazlar yaradıb.
3 sentyabr 2021 – Xalq rəssamı, heykəltaraş Arif Şamil oğlu Qazıyev (2.1.1937 – 2021) vəfat edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru olub.
3 sentyabr 2022 – Əməkdar incəsənət xadimi, şair, tərcüməçi Səyavuş İmran oğlu Məmmədzadə (2.10.1935 – 2022) vəfat edib.
3 sentyabr 2024 – Rəssam, pedaqoq Aydın Ələkbər oğlu Rzaquliyev (7.6.1953 – 2024) vəfat edib.
Hazırladı: Vüqar Orxan