19-21 iyul tarixlərində “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda 3-cü Şuşa Qlobal Media Forumu keçirilir. 

Forumda 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin iştirakı gözlənilir. Forumun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də var.

İyulun 19-da Xankəndi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub.

Prezident müxtəlif ölkələrdən media mənsublarının, ekspertlərin suallarını cavablandırıb.

"Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Ümid edirəm ki, bu adət-ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, daha çox coğrafi əhatə var. Bütün bunlar göstərir ki, açıq müzakirələrə böyük ehtiyac var, müzakirələr açıq mühitdə aparılmalıdır. Biz nəinki media icmasının gündəliyinə, o cümlədən qlobal gündəliyə aid məsələləri müzakirə etməliyik", – deyə dövlətimizin başçısı vurğulayıb.

Forumda “İnnovativ yanaşmalar: Rəqəmsal dövrdə media savadlılığı”, “Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi” və “Sosial medianın təkamülü ictimai etimada necə təsir edir: Media savadlılığının əhatəsində” adlı 3 panel sessiyanın, bununla yanaşı “Süni intellekt dövründə jurnalistika: Avtomatlaşdırma şəraitində həqiqətin qorunması” mövzusunda təkbətək görüşün təşkil olunması nəzərdə tutulub.

Forum çərçivəsində Qarabağın zəngin mədəni irsi və tarixi abidələrinə həsr olunmuş açıq hava sərgisi, Türk dünyasında informasiya və media sahəsində həyata keçirilən fəaliyyətlər barədə TDT-nin məsul nümayəndələrinin təqdimatları, həmçinin “Təyinat: Şuşa, Azərbaycan” sənədli filminin nümayişi baş tutacaq.

Bununla yanaşı, “Mədəni irs və yeni media” və “Gələcək nəsil auditoriya və medianın tələblərinə uyğunlaşmaq” mövzularında paralel tədbirlər təşkil olunacaq.

Ümumilikdə panel müzakirələr və görüşlər zamanı süni intellektin informasiya istehsalında yaratdığı imkanlar və risklər, dezinformasiyanın yayılmasının qarşısının alınmasında media savadlılığının rolu, sosial medianın ictimai etimada təsiri ətraflı şəkildə təhlil olunacaq.

Forum çərçivəsində iştirakçıların Ağdam rayonuna və Laçın şəhərinə səfərləri də nəzərdə tutulur.