Xəbər verdiyimiz kimi, 7–11 oktyabr tarixlərində keçirilən 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində ölkəmiz də təmsil olunur.

Okyabrın 9-da sərgi çərçivəsində Azərbaycan ədəbiyyatına həsr olunan panel keçirilib.

Paneldə şair, tədqiqatçı Fərid Hüseyn “Azərbaycan ədəbiyyatı – dünyaya açılan pəncərə” mövzusunda çıxış edib. O, Azərbaycan ədəbiyyatının keçdiyi tarixi yol, yaranmış dəyərli milli ədəbi irsimiz və görkəmli qələm sahibləri haqqında danışıb, Azərbaycan dili, tərcümə mübadiləsi məsələləri barədə söz açıb.

Mədəniyyət Nazirliyinin Kitabxanalar və nəşriyyatlarla iş sektorunun müdiri Lalə Məmmədova Azərbaycan ədəbiyyatının beynəlxalq miqyasda tanıdılması istiqamətində nazirlik tərəfindən həyata keçirilən layihələr və təşəbbüslər barədə məlumat verib. O, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında müəyyən edilmiş strateji istiqamətlərə uyğun olaraq, Azərbaycan müəlliflərinin əsərlərinin xarici dillərə tərcüməsini, nəşrini və beynəlxalq auditoriyaya çatdırılmasını təşviq edəcək “Azərbaycan ədəbiyyatı xaricdə” dəstək proqramının hazırlanması istiqamətində işlərin yekunlaşmaq üzrə olduğunu diqqətə çatdırıb.

Azərbaycanın regionun ən böyük kitab festivalına ev sahibliyi etdiyini vurğulayan sektor müdiri bu il oktyabrın 21-27-də keçiriləcək XII Bakı Beynəlxalq Kitab Sərgisi haqqında da danışıb. Sərginin əsas istiqamətləri, beynəlxalq iştirakçılığı və təqdim etdiyi əməkdaşlıq imkanları barədə tədbir iştirakçılarına məlumat verilib.

Yazıçı Xəyalə Murad çıxışında müasir Azərbaycan ədəbiyyatının beynəlxalq kitab bazarında təmsilçiliyi və xarici nəşriyyatlarla qurulan əməkdaşlıq təcrübəsindən bəhs edib. O, əsərləri üzrə xarici ölkələrdə nəşr və tərcümə hüquqları əldə edilmiş Azərbaycan müəllifləri, bir sıra xarici dillərdə nəşr olunmuş əsərlər barədə danışıb.

Qeyd edək ki, sərgi məkanında Mədəniyyət Nazirliyinin və Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə milli stendimiz qurulub.